Vətəndaş özü "ailəsinin çörək ağacı" olan motosikletinin sıradan çıxmaması üçün yola çınqıl töküb
Marneuli bələdiyyəsinin Qızılhacılılı kəndində yaşayan 50 yaşlı Məzahir Namazov hər gün kələ-kötür yolla Marneuli bazarına işə gedib-gəlir. Hər dəfə işə gedib-gəldiyində nahamar yollardan istifadə edir. Namazovun sözlərinə görə, 4-5 ildir ki, Marneuli bazarında motosikletlə yük daşıyır. Yük daşıyaraq qazandığı pulla isə ailəsinin ehtiyacını qarşılayır. Hər dəfə kəndə gedib-gələndə çətinlik çəkir. Məzahir bunu nəzərə alaraq öz motosikleti ilə
daş karxanasından çınqıl gətirərək, yaşadığı küçədəki kələ-kötür yolu düzəldir.

“Bu yolu həmişə düzəldirəm. Yolla gedəndə keçə bilmirsən. Maşın yanından keçə bilmir. Maneçilik törədir. Özümüzə görə düzəltdim. 3-4 dəfə çınqıl tökmüşəm. Bir ayda 2-3 dəfə çınqıl tökürəm. Xarab olanda düzəldirəm. Heç kim də düzəltmir. Mən də çınqıl doldurub gətirib düzəldirəm. Təxminən 10 ildən artıqdır ki, bu yol belədir. 10 gün olar ki, həmin yerə çınqıl tökmüşəm. Maşınlar keçəndə altı dəyirdi. Mən də keçəndə motosikletim ləngər verirdi. Yol pis gündə idi. Doldurdum ki, hamı rahat keçsin”, – Məzahir Namazov dedi.

Qızılhacılı kəndində daxili yolların bərpa olunub-olunmayacağı ilə bağlı Marneuli bələdiyyə məclisinin üzvü Ceyhun Çovdarovla əlaqə saxladıq. O, “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, indiki mərhələdə Qızılhacılı kəndində daxili yollara asfalt qatının çəkilməsi planlaşdırılmır.

“Kanalizasiya və içməli su sistemi çəkilir. Bizim kənddə də iş getdiyinə görə, yolla bağlı heç nə yoxdur. Ona görə ki, kanalizasiya və içməli su sistemi bitdikdən sonra hər yer asfaltlanacaq. Layihənin başa çatmasını gözləyirik. Layihə bitəndən sonra yollar bərpa olunacaq və düzəldiləcək. Plana görə, hər yer asfalt olacaq. İndiki mərhələdə yol planlaşdırılmır. Hal-hazırda qazıntı işləri gedir. Layihə başa çatdıqdan sonra Qızılhacılı kəndində küçələr asfaltlanacaq”, – Ceyhun Çovdarov dedi.

Qeyd edək ki, Marneuli bələdiyyəsində 2019-cu ildən içməli su və kanalizasiya xətinin çəkilməsi işləri həyata keçirilir. Mərkəzi və daxili küçələrdə qazıntı işləri aparılır. Hal-hazırda yolların bir qismi yarasız vəziyyətdədir. Marneuli və Bolnisi bələdiyyələrində yeni su xəttinin çəkilməsi və kanalizasiya sisteminin yenidən qurulması layihəsini “Şəhər Xidmətinin Yaxşılaşdırılması Üzrə Sərmayə” proqramı çərçivəsində Asiya İnkişaf Bankı maliyyələşdirir və layihənin dəyəri 55 940 022 dollardır.

Print ელ. ფოსტა
თეგები: Marneuli Qızılhacılı Yol
FaceBook Twitter Google