Nikol Paşinyan - İrəvanın tanımağa hazır olduğu Azərbaycan ərazisinə Dağlıq Qarabağ da daxildir
“İrəvanın tanımağa hazır olduğu 86,6 min kvadrat kilometr Azərbaycan ərazisinə Dağlıq Qarabağ da daxildir”, - Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.

“Bu 86,6 min kvadrat kilometrə Dağlıq Qarabağ da daxildir. Amma onu da qeyd etmək lazımdır ki, Dağlıq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi məsələsi Bakı-Stepanakert formatında müzakirə edilməlidir”, - Paşinyan bildirib.

Eyni zamanda o, Azərbaycanla sülh sazişinin mətni üzrə razılığın tezliklə əldə olunacağına ümid etdiyini bildirib.

“Beynəlxalq ictimaiyyətin təsəvvürü getdikcə daha çox Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü qeyd-şərtsiz - 29 800 və 86 600 kvadrat kilometr ərazilərdə tanıması formuluna meyllənir. Ermənistan Azərbaycanın 86 min 600 kvadrat kilometr ərazi bütövlüyünü tanımağa hazırdır. Fikrimizcə, Azərbaycan Ermənistanın 29 min 800 kvadrat kilometr ərazi bütövlüyünü tanımağa hazırdır. Əgər bu məsələdə bir-birimizi düzgün başa düşsək, o zaman Ermənistan, bəli, Azərbaycanın 86,6 min kvadratkilometr hüdudları daxilində ərazi bütövlüyünü tanıyacaq, o mənada ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü 29,8 min kvadratkilometr hüdudlarda tanıyacaq”, - deyə Paşinyan bildirib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google