Marneuli seçicilərinin rəğbətini Saakaşvilinin nüfuzu ilə qazanmaq istəyirlər

“Bizim 9 il ərzində nə etdiyimiz və “Gürcü Arzusu”nun 6 il ərzində nə etdikləri barədə danışırıq” – seçicilərlə görüşdə nə barədə söhbət etdikləri ilə bağlı sualımıza cavab olaraq Gürcüstan Parlamentinin üzvü Azər Süleymanov deyir.

Süleymanov onu da qeyd edir ki, birləşmiş müxalifətin nümayəndələri seçicilərə görüşdə gələcək planlarından da söhbət açır.

“Gələcək planlarımızdan danışırıq, nə dəyişəcək, niyə hakimiyyətə gəlirik, biz 9 il ərzində nə etmişik və “Gürcü Arzusu” 6 il ərzində nə edib. Biz ölkəni qurduq, indi “Gürcü Arzusu” yıxdı. Bütün kəndlərdə bu barədə danışırıq” – dedi Azər Süleymanov.

Süleymanov deyir ki, hər gün kəndlərə gedirlər və inanır ki, ikinci turda Salome Zurabişvilidən üç dəfə çox səs toplayacaqlar.

Parlamentin üzvü deyir ki, ilk tur saxtalaşdırıldı və onların seçkidə qeydə alınandan daha çox tərəfdarları var.

Birləşmiş müxalifət Marneuli sakinlərinin dəstəyini Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili ilə qazanmağa çalışır. Marneulinin müxtəlif kəndlərində seçkiöncəsi kampaniya zamanı Saakaşvili seçicilərlə müxtəlif sosial şəbəkələr vasitəsilə əlaqə yaradırdı. Azər Süleymanov bizimlə söhbəti zamanı qeyd edir ki, Saakaşvili ilə əlaqə yaratmağın səbəblərindən biri onun nüfuzudur.

“Saakaşvilinin çox böyük nüfuzu var. Saakaşvili bizim partiyanın liderlərindən biridir və bunda pis heç nə yoxdur. Bu mənim deyil, xalqın tələbidir. Xalq Saakaşvilinin Gürcüstana qayıtmasını istəyir və tezliklə, seçkilərdən sonra o, Gürcüstana qayıdacaq” – dedi Azər Süleymanov.

Seçkilərin ilk turu başa çatdıqdan sonra birləşmiş müxalifətin prezidentliyə namizədi Qriqol Vaşadzeni “Avropalı Gürcüstan” partiyası və “Respublikaçılar” da dəstəkləyir.

Mərkəzi Seçki Komissiyasının nəticələrinə görə Marneulidəki 90 məntəqədə Salome Zurabişvili 16 884, Qriqol Vaşadze isə 13 796 səs toplayıb.

Şəhər və kəndlərdə səslər tam fərqli bölünüb. Şəhərdə 15 məntəqədən 14-də Qriqol Vaşadze, 1-də isə Salome Zurabişvili qalib gəlib. Kəndlərdəki məntəqələrdən isə 49-da Salome Zurabişvili, 25-də isə Qriqol Vaşadze qalib gəlmişdi. 1 məntəqədə isə hər iki namizəd eyni səs toplamışdı.

Print ელ. ფოსტა
FaceBook Twitter Google