ISFED-in ikinci turunun hesabatında Marneulidəki 3 məsələ də özünə yer tapıb

“Beynəlxalq Ədalətli Seçkilər və Demokratiya Cəmiyyəti” (ISFED) ikinci tur öncəsi monitorinqin ara hesabatını yayımlayıb.


Təşkilatın hesabatında Marneulinin adı da bir neçə dəfə çəkilib. Hesabata “Marneuli” radiosunun işıqlandırdığı məsələlər də daxil edilib.

ISFED-in hesabatına görə, siyasi zəmində 2 zorakılıq-hədə halı qeydə alınıb. Bunlardan biri “Marneuli” radiosunun efirində işıqlandırılmışdı. Həmin hadisə “Milli Hərəkat Partiyası”nın fəalı Novruz Mehdiyevin sosial şəbəkədə paylaşdığı yazı ilə bağlıdır. Bu yazıda Mehdiyev qeyd edir ki, 12 noyabr tarixində cinayətkarlıqla mübarizə polisi onun qardaşını küçədə saxlayıb və deyib ki, “çox irəli gedirsiniz”. Polis cibindən Mehdiyevin ailə üzvlərinin siyahısını və onlar haqqında məlumat çıxarıb və deyib ki, bu siyahıdakılardan birinin saxlanılması tapşırılıb.

“13 noyabr tarixində məmurlardan biri Mehdiyevin qardaşının yanına gedib və deyib ki, “48 nömrə ilə əməkdaşlıq etdiyi” təqdirdə kəndin məscidlə bağlı problemi həll olunacaq.

14 noyabr tarixində başqa bir məmur Mehdiyevin atasının yanına gedib və deyib ki, o, “48 nömrənin təbliğatçısı” kimi çalışmalıdır və ya heç bir partiya ilə əməkdaşlıq etməməlidir, əks halda onlara məxsus mağaza və çayxana vergilər xidməti tərəfindən cərimələnəcək və ya bağlanacaq. Daha inandırıcı olması üçün Mehdiyevin atasına deyiblər ki, gəlir xidməti həmin gün gəlmək istəyib, lakin hələlik danışıqlar aparmağı təklif ediblər”,
- ISFED-in hesabatında yazılıb.

Siyasi zəmində ikinci təzyiq-təhdid halı isə “Milli Hərəkat”ın fəalları olan Marneulili tələbələr ilə bağlıdır.

“Marneulidə “Gürcü Arzusu”nun əməkdaşları və fəalları tərəfindən “Vahid Milli Hərəkat”ın fəallarına qarşı təzyiq göstərilir. Tələbələrə deyirlər ki, əgər “Milli Hərəkat”la əməkdaşlığa davam etsələr, SOCAR onların təhsil haqqını ödəməyəcək. Bu məlumatı “Ədalətli Seçkilər”in müşahidəçisinə Marneulidə yaşayan iki tələbə verib” – təşkilatın hesabatında qeyd olunub.

Hesabatda “şirniyyat süfrəsi” də qeyd olunub. “Beynəlxalq Ədalətli Seçkilər və Demokratiya Cəmiyyəti” bunu seçicilərin satın alınması kimi dəyərləndirib.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google