Marneuli meri vəzifəsinə kimlərin namizədliyi müzakirə olunur
Marneulinin
keçmiş meri Temur Abazovun saxlanılmasından sonra mer vəzifəsini
tutmaq üçün bir neçə namizədin adının müzakirə olunduğu barədə
məlumatlar yayılmağa başladı.
Bu
mövzu Abazov girov qarşılığında azad olunduqdan sonra da
aktuallaşdı.
“Marneuli” radiosunun etibarlı mənbədən aldığı məlumata görə, əgər
növbədənkənar mer seçkiləri təyin olunarsa, Marneuli Bələdiyyə
Məclisinin sədr müavini Mamuka Naveriani və Parlamentin majoritar
deputatı Ruslan Hacıyevin namizədliklərini irəli sürmək
arzusundadırlar.
Biz məlumatı dəqiqləşdirmək üçün Mamuka Naveriani ilə əlaqə
saxladıq. O, bildirdi ki, bu məsələni ilk dəfə eşidir.
“Açığını deyim ki, bu məsələni sizdən eşidirəm və nə
deyəcəyimi bilmirəm”, - deyə Mamuka Naveriani
bildirib.
Naverianidən fərqli olaraq Ruslan Hacıyev onun barəsində yayılmış
məlumatlara təəccüblənmədi, güldü və bu söhbətləri təxribat
adlandırdı. O, dedi ki, ona qarşı “işsiz-gücsüz” adamların yaydığı
belə söhbətlər həmişə olub və olacaq.
“Marneuli” radiosunun əldə etdiyi daha bir məlumata görə isə Temur
Abazov mer vəzifəsini tutmağı planlaşdırır, lakin bu halda Marneuli
şəhəri nəzərdə tutulmur. Biz Abazovla əlaqə saxlamağa cəhd etsək
də, o, zənglərimizə cavab vermədi.