Teatr ictimaiyyətin inkişafı üçün nə dərəcədə əhəmiyyətlidir? – 27 mart beynəlxalq teatr günüdür
Bu gün, 27 mart Beynəlxalq Teatr Günüdür. Beynəlxalq Teatr Günü 1961-ci ildən Beynəlxalq Teatr İnstitutunun təşəbbüsü ilə hər il qeyd olunur və onun şüarı belədir “Teatr – xalqlar arasında qarşılıqlı anlayış və sülhün təsdiqlənməsi vasitəsi”.

Teatrın əhəmiyyəti və rolu haqqında biz Heydər Əliyev adına Tbilisi Dövlət Dram Teatrının aktyoru Azər Musaoğlu ilə söhbət etdik.



"Teatrın olması əlbəttə vacibdir. Əsrlər boyu tetrlar mövcud olub. Tearlar xalqın həm də mədəniyyət göstəricisidir. Teatrı olmayan qəzeti, jurnalı olmayan xalqın əlbəttə ki, mədəniyyəti də yoxdur deməkdir. Yəni teatrı əvvəlki illərdə maarifləndirmə rolunu oynayırdısa müasir zamanda teatr həm də insanların əylənməsi üçün bir mədəniyyət ocağıdır" - Azər Musaoğlu dedi.

Azər Musaoğlu kimi "Era Teatrı"nın bədii rəhbəri Anar Rafiqoğlu da hesab edir ki, teatr cəmiyyətin inkişafının ən yaxşı göstəricisidir.



"Teatr bir mədəniyyətdir və mədəniyyət olmadan heç bir cəmiyyət, heç bir millət inkişaf edə bilməz. Mədəniyyəti olmayan millət çökməyə, sönməyə məhkum bir millətdir. Xoşbəxt o cəmiyyətdir hansı ki, o cəmiyyətdə teatr mədəniyyəti var, teatr anlayışı var" - Anar Rafiqoğlu dedi.

Hələ ki, Marneulidə teatr yoxdur, amma Marneulinin Mədəniyyət Mərkəzinin tədbirlərinin təşkilatçısı və aktyoru Zura Xaptaninin bizimlə söhbəti zamanı bildirdiyinə görə, Marneuli teatr dərnəyinə teatr statusunun verilməsi üzərində çalışmalara başlanılıb və ümid edirlər ki, Marneulinin yaxın gələcəkdə öz teatrı olacaq. Xaptani bizimlə söhbətində cəmiyyətin inkişafı üçün teatrın rolunu diqqətə yetirdi. Onun sözlərinə görə, teatr vasitəsilə düzgün ötürülən problemin həlli yolu tamaşaçı tərəfindən düzgün dərk edildikdən sonra olduqca asanlaşır.



“Teatrın çox böyük gücü var. Teatrdan, səhnədən elə sözlər demək olar və cəmiyyətə elə şeylər çatdırmaq olar ki, sonradan cəmiyyətin inkişafına səbəb olar. Bunu başqa incəsənət sahələri edə bilməzlər. Teatrın böyük gücü var və insanın inkişafında böyük rol oynayır” – Zura Xaptani deyir.

Beynəlxalq Teatr Günü ilə yanaşı gürcü teatr xadimləri öz milli “Gürcü Teatrı Günü” bayramını da qeyd edirlər və həmin bayram 14 yanvarda qeyd olunur.


"Marneuli" Radiosu
Gülüun Məmmıdxanova



Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები