Marneuli bağçalarında qruplar dolub – müəllimlər heyətin artırılmasını tələb edirlər
Marneuli miqyasında uşaq bağçaları dolub və qruplarda nəzərdə tutulduğundan artıq uşaq var.

Marneulinin bir neçə bağçasının müəllimləri gizliliyi qorumaq şərti ilə “Marneuli” radiosuna bildirdilər ki, uşaqların sayının artmasına görə, öz vəzifələrini yerinə yetirməkdə çətinlik çəkirlər.

“Qrupda çox uşaq var və bir müəllim, bir köməkçi bu qədər işin öhdəsindən gələ bilmirik. Yaxşı olar ki, müəllimlərin sayını artırsınlar və ya uşağın sayını azaltsınlar”,
– Marneuli bağçalarından birinin müəllimi bildirdi.

Müvəqqəti olaraq Marneuli Uşaq Bağçaları Birliyinin rəhbəri səlahiyyətlərini icra edən Edişer Kutalia “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Uşaq Bağçaları Birliyi bağçalarda nəzərdə tutulduğundan artıq uşaq olduğu barədə məlumatlıdır. Mövcud resurslar çərçivəsində problemin həllinə çalışır.

“Bildiyiniz kimi, Marneulidə məktəbəqədər təhsil xidməti ilə bağlı tələb yüksəkdir. Müvafiq olaraq, biz maksimum dərəcədə çalışırıq, Uşaq Bağçaları Birliyində diqqət xüsusilə Marneuli şəhər bağçalarına yönəldilib ki, uşaqlar bağçadan kənar qalmasınlar. Bildiyiniz kimi, Marneuli şəhər 1 saylı uşaq bağçası bərpa prosesindədir və artıq tezliklə açılacaq. Eləcə də Qızılahcılı kəndi Marneuliyə çox yaxın yerləşir, həmin bağçada da bərpa işləri aparılır. Bu bağçalar açılan zaman əlbəttə, yük müəyyən qədər azalacaq”.

Kutalianın sözlərinə görə, bağçalara müəyyən sayda uşaq qeydiyyatdan keçib, amma onların bir qismi bağçaya getmir. O, bildirir ki, uşaqların bağçadan kənar qalmasındansa uşaq bağçalarının qruplarında uşaq sayının artırılması daha yaxşıdır.

“Təsəvvür edin, Marneulidə təxminən 2000 uşaq qeydiyyatdan keçib. Onlar məktəb yaşındadırlar və həmin 2000 uşağı şəhərdə cəmi 3 bağça qəbul etməlidir. Bizə verilmiş infrastruktur çərçivəsində çalışırıq ki, ondan istifadə edək və müvafiq olaraq 1 saylı uşaq bağçası açılanda vəziyyət də düzələcək”.

O, qeyd edir ki, əgər birliyin bağçalarda müəllim sayını artırmaq imkanı olarsa, onların sayı mütləq artırılacaq.

Marneulidə ümumilikdə 14 uşaq bağçası var. Amma onlardan 2022-23-cü tədris ilinə yalnız 11 bağça başlayıb.
Print ელ. ფოსტა
FaceBook Twitter Google