Marneuli meriyası televiziya xidmətinin alınması üçün 99 800 lari dəyərində tender elan edib
Marneuli yerli özünüidarəsi 2023-cü ildə televiziya xidmətinin alınması üçün tender elan edib. Meriya televiziya xidmətinin 99 800 lariyə alınmasını planlaşdırır.

“İctimaiyyət üçün vacib məlumat daşıyan audio-vizual çıxışların efirdə gürcü və azərbaycan dillərində (Bir materialın müddəti ən az 30 saniyə), sifarişçinin tələbinə uyğun olaraq yerləşdirilməsi;

Mer və ya onun müavinlərinin, yaxud Bələdiyyə sədrinin, onun müavinlərinin, qeyri-kommersiya təşkilat rəhbərlərinin, xidmət və ya şöbə rəhbərlərinin hesabatları, brifinqlər (meriyadan və ya televiziyadan) canlı və onlayn fəaliyyətlər, yeni il, dini bayramlar, eləcə də idman, mədəni tədbirlər, teatr nümayişləri, konsertlər və ictimaiyyət üçün mühüm olan digər hadisələrin canlı yayımlanması (sifariş verənin tələbinə uyğun olaraq).

Bələdiyyə Məclisi iclaslarının, tədbirlərin, büro iclaslarının (razılaşma ilə), hesabatların, merin və ya onun müavinlərinin iclaslarının, hesabatların, bir materialı, xronometraj, ən az 10 dəqiqə, gürcü, azərbaycan dillərində televiziya efirində yayımlanması”,
– tender təklifində qeyd olunub.

Bu gün, 17 yanvar tarixində Marneuli meriyasının İctimaiyyətlə Əlaqələr Şöbəsindən “Marneuli” radiosuna bildirdilər ki, 2023-cü il ərzində televiziya xidməti tenderi elan olunana qədər bazar araşdırması aparılıb. Buna uyğun olaraq tenderin ümumi dəyəri müəyyən edilib.

Marneuli meriyası ötən il, 2022-ci ildə bu tipli tenderi 145 000 lariyə elan etmişdi. 2021-ci ildə isə televiziya xidməti tenderinin dəyəri 95 800 lari idi. Ötən il Marneuli meriyasının İnzibati Xidmətinin rəhbəri Nino Dekanoidze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirmişdi ki, 2022-ci il ərzində televiziya xidməti tenderinin artırılmasına ümumi vaxtda artırılmış miqdar səbəb olub. O, 2021-ci ildə meriyanın müqavilə əsasında aldığı canlı yayımların və efir vaxtlarının kifayət olmadığını bildirib. Əhalinin tam məlumatlandırılması üçün isə vaxt artırılmalı idi, buna görə tenderdə nəzərdə tutulan pulun miqdarı da artırılmışdı.

Qeyd edək ki, Marneuli meriyası televiziya xidməti üçün pulu 2018-2020-ci illərdə mərhələli olaraq artırırdı. Məsələn, 2018-ci ildə həmin məqsədlər üçün 72 000 lari, 2019-cu ildə 86 000 lari, 2020-ci ildə 125 640 lari dəyərində tender elan edilmişdi.

Son illər ərzində Marneuli meriyası tərəfindən elan edilmiş televiziya xidmətinin alınması tenderlərində “Marneuli Tv” rəqibsiz olaraq qalib gəlib.


Print ელ. ფოსტა
FaceBook Twitter Google