Təhlükəsizlik, qida, əmək şəraitinin yaxşılaşdırılması – məktəbəqədər təhsil müəssisələrinə 4 700 000 lari ayrılıb
Marneuli meriyası 2023-cü il ərzində məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti üçün 4 700 000 lari xərcləməyi planlaşdırır.

Proqramda qeyd olunduğuna görə, bələdiyyədə ümumilikdə məktəbəqədər yaşda olan 3000 uşaq qeydiyyatdan keçib. Bələdiyyədə fəaliyyət göstərən 14 uşaq bağçasında bugünkü vəziyyətdə 2749 uşağın qəbul edilməsi mümkündür. Onlardan 1161 qız, 1373 oğlandır. 251 uşaq isə müvafiq xidmətdən yararlana bilmir.

“Bələdiyyə ərazisində 14 bağça fəaliyyət göstərir. Onların fəaliyyətini “Uşaq Bağçaları Birliyi” təmin edir. Ümumilikdə bütün təhsil müəssisələrində 68-i müəllim, 68-i köməkçi olmaqla 350 nəfər əməkdaş çalışır. Effektiv fəaliyyətin təmin edilməsi üçün planlaşdırılır: Məktəbəqədər təhsil sahəsində idarəetmə siyasətinin həyata keçirilməsi, standartlara uyğun olan təhsil proqramı/metodologiyanın formalaşdırılması, Gürcüstan hökumətinin sərəncamı ilə müəyyən edilmiş standartlara uyğun qida ilə təminat, uşaqların təhlükəsizliyi məqsədi ilə uşaq bağçaları infrastrukturunun (həyət, bina, inventar və s.) inkişaf etdirilməsi. Uşaq bağçası heyətinin əmək şəraitinin yaxşılaşdırılması və onların ixtisasının yüksəldilməsi”,
– məktəbəqədər təhsil müəssisələrinin fəaliyyət proqramında qeyd olunub.

Qeyd edək ki, Marneuli bələdiyyəsinin büdcəsi Bələdiyyə Məclisinin 26 dekabr tarixində keçirilən iclasında təsdiq edilib. Yerli özünüidarənin büdcəsi 46 856 300 lari müəyyən edilib və qanunverici orqandan bildirdiklərinə görə, bu büdcənin yekun versiyasıdır, mərkəzi büdcədən də pul gözləyirlər.

Print ელ. ფოსტა
FaceBook Twitter Google