“Qeyri-hökumət təşkilatları, müstəqil media olmayacaq” – Marneuli “Xarici təsir agenti” qanunun qəbul edilməsi halında nə itirəcək?
“Yeni Düşüncə İnstitutu”, “Salam”, “Mülki İştirak və Aktivizm Mərkəzi”, “Marneuli Demokrat Qadınlar Cəmiyyəti”, “Marneuli” radiosu... – bu Gürcüstan Parlamentinə təqdim olunmuş qanun layihəsinin təhlükə yaratdığı qeyri-hökumət və media təşkilatlarının kiçik siyahısıdır.

Gürcü Arzusundan ayrılmış “Xalqın gücü” deputatlar qrupu Gürcüstan Parlamentində “xarici təsir agentləri” haqqında qanun layihəsini qeydiyyatdan keçirib. Qanun layihəsinə əsasən gəlirinin 20%-dən çoxu xarici təşkilatlardan maliyyələşdirilən bütün media və qeyri-hökumət təşkilatları “xarici təsir agenti” hesab olunacaq. Rusiya oxşar qanunu 2012-ci ildə qəbul edib və bu faktiki olaraq azad media, mülki sektoru məhv edib. Gürcüstanda fəaliyyət göstərən müstəqil media və QHT nümayəndələri bildirirlər ki, yeni qanun layihəsinin məqsədi Rusiya kimi Gürcüstanda da müstəqil media, QHT-ni məhv etməkdir.

Bu qanun kimləri hədəf alır?
Qanun qəbul olunduğu halda Marneulidə fəaliyyət göstərən Yeni Düşüncə İnstitutuna təhlükə yaranacaq. Bu təşkilat Sadaxlıda qadınların inkişafı üçün “Analar məktəbi” təsis edib və gürcü dili tədrisi kursları açıb, kəndlərdə istirahət zonalarının qurulmasına, infrastrukturun yaxşılaşdırılmasına dəstək olub. Yeni Düşüncə İnstitutunun təsisçilərindən Ariz Daşdəmirov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, təşkilat 2015-ci ildən Marneulidə təhsil, ətraf mühitin mühafizəsi, məlumatlandırma və müxtəlif növ tədbirlər həyata keçirir.

“Biz əsasən Sadaxlı inzibati vahidliyinə daxil olan kəndlərdə müxtəlif tədbirlər həyata keçiririk. Amma artıq deyə bilərik ki, nəinki icma təşkilatı, hətta regional təşkilat olaraq işləyirik. Çünki Qardabanidə, Marneulidə, Bolnisidə, Dmanisidə, Tetritskaroda da layihələr həyata keçiririk. Həmçinin, bizim icma mərkəzi şəbəkəmiz var və biz icma mərkəzlərinin ideya müəllifiyik, ona görə də yalnız bizim təşkilatın deyil, bütün icma mərkəzlərinin adından deyə bilərəm ki, biz yeni qanun layihəsinə qarşıyıq”.

Arizin sözlərinə görə, qanun layihəsi qəbul olunduğu halda Gürcüstanda demokratiyadan danışmaq mümkün olmayacaq. Çünki insanların öz problemləri haqqında sərbəst danışa biləcəyi, onların həllinə çalışacağı məkanlar olmayacaq.

“Təsəvvür edin, əgər vətəndaşın yerli özünüidarə və ya hansısa dövlət qurumu ilə problemi olsa, ona heç kim kömək etməyəcək. Çünki insanların səsini geniş ictimaiyyətə çatdıracaq qeyri-hökumət təşkilatları, müstəqil media olmayacaq”,
– Ariz Daşdəmirov bildirdi.

“Mülki Məşğulluq və Aktivizm Mərkəzini” də bağlanmaq təhlükəsi gözləyir. Təşkilat Marneulidə artıq üç ildir, fəaliyyət göstərir. Baxmayaraq ki, təşkilat gəncdir, bu dövr ərzində layihələr həyata keçirib və bu layihələr insan hüquqlarının müdafiəsi, etnik azlıqların inteqrasiyası, qərarların qəbulu prosesində etnik azlıqların iştirakının artırılması, gender bərabərliyi, gənclərin inkişafı, qeyri-formal təhsilə istiqamətlənib.

“Bu illər ərzində bir neçə araşdırma apardıq, bu üç il ərzində Marneuli sakinlərinə, xüsusilə də kənddə yaşayanlara kömək edirdik. Onların ehtiyaclarını Marneuli meriyasının gündəliyinə çıxardıq, bundan əlavə, Bolnisi, Dmanisi, Qardabanidə yaşayan etnik azlıq nümayəndələri ilə əməkdaşlıq edirik.

Kvemo Kartli regionunda mülki sektorun və tənqidi medianın olması etnik azlıqların inteqrasiyası, ümumiyyətlə, ölkənin inkişafı, bizim, Gürcüstanda yaşayan bütün etnik qrupların inteqrasiyası üçün mühüm əhəmiyyət daşıyır. Müvafiq olaraq, çoxluğun yeni qanun layihəsi Rusiya qanunudur və heç vaxt bizim seçimimiz olmayıb. Düşünürəm ki, bu qanunun qəbul edilməsi birbaşa bizim dəyərlərimizə, ləyaqət hissimizə, müstəqilliyimizə hücum olacaq”,
– “Mülki Məşğulluq və Aktivizm Mərkəzinin” sədri Rəşan Ziyadəliyev bildirdi.

“Mülki Məşğulluq və Aktivizm Mərkəzi” Marneuli, Qardabani, Bolnisi və Dmanisidə yaşayan vətəndaşlara kömək edir. Rəşan Ziyadəliyev qorxur ki, qanun qüvvəyə mindiyi halda onlar kömək göstərə bilməyəcəklər. Çünki “xarici təsir agenti” statusları olacaq və fəaliyyətə davam edə bilməyəcəklər.

“Yekun nəticədə düşünürəm ki, bu qanunun məqsədi Gürcüstanda hər hansı növ etirazı yox etməkdir. Bizim vəziyyətimizdə isə bu etnik azlıqların məskunlaşdığı məntəqələrdəki vətəndaş cəmiyyətinə böyük zərbə olacaq. Bu qanun qəbul olunduğu halda Gürcüstanda rusiyayönümlülük və diktatura yaranacaq. Müvafiq olaraq, bizim Avropalı gələcəyimizin olması, Gürcüstandakı bütün vətəndaşların müdafiəsi, fikrimizi bildirmək hüququmuzun, qərarların qəbulu prosesində iştirak azadlığımızın olması və Avropanın bir hissəsi olmağımız üçün rus qanun layihəsinə qarşı mübarizə aparmaq lazımdır”.

“Yeni Düşüncə İnstitutu”, eləcə də “Mülki Məşğulluq və Aktivizm Mərkəzini” beynəlxalq təşkilatlar, səfirliklər maliyyələşdirir. Məhz onların maddi yardımı vasitəsi ilə Marneulidə müxtəlif layihələr həyata keçirilir.

Qeyri-hökumət sektoru kimi media təşkilatları da təhlükə qarşısındadır. “Kvemo Kartli Mediası” təşkilatının rəhbəri Manon Bokuçava bildirir ki, qanun layihəsinin məqsədi müstəqil mediaların nüfuzdan salınması və onların bağlanmasıdır.

“Əgər belə açıq mübarizə elan olunarsa, bu artıq açıq mübarizə deməkdir. Kiminsə, Parlamentin hansısa üzvünün ağlına belə fikir gəlibsə və sonra bu təşəbbüsü irəli sürüblərsə, bu həqiqətən də təsəvvüredilməzdir. Əgər qəbul etsələr, bu halda müxtəlif variantlar var və onlar arasında Strasburqa şikayət də var. Çünki bizim məhkəmənin müstəqilliyi də və ümumiyyətlə Gürcüstanda olan reallıq da sual altındadır. Bu bizə ədalətli nəticə əldə etməyə nə dərəcədə şərait yaradacaq. Ona görə yəqin müxtəlif istiqamətlərdə işləyən və icmamızda, regionumuzda yaşamın daha da yaxşılaşdırılmasına çalışan QHT-lər yenə Strasburqun ümidinə qalacağıq. Bu qanun layihəsinə görə, artıq bizim işləməyimizə maneələr yaranır”.

Manon Bokuçavanın sözlərinə görə, “qvemoqartli.ge” məlumat analitika portalı artıq 5 ildir, beynəlxalq fondlarla işləyir. Təşkilatın reklamlardan əlavə gəlir əldə etmək və ya başqa maddi mənbələr axtarmaq cəhdi var idi. Ancaq Manonun dediyinə görə, gürcü bazarında belə şərait faktiki olaraq yoxdur.

“Avropa İttifaqından aldığımız dəstəkdə problem olarsa, bu zaman donora da bizimlə münasibət qurmaq problemli olacaq. Çünki bizim hesablarımızın nə zaman dondurulacağı, onların qrantlarının necə olacağı və s. haqqında məlumatları olmayacaq. Əgər bu maliyyələşdirmə olmasa, yəqin entuziazmla bir neçə ay işləyə biləcəyik. Çünki qrantlar olmayan bir dövrümüz var idi və bu işi entuziazmla davam etdirirdik. Çünki bizim fikrimizcə çox dəyərli , çox mühümdür. Sadəcə deyə bilərəm ki, bir neçə ay fəaliyyətimizə davam edə biləcəyik. Amma sonra təşkilat sadəcə fəaliyyətini dayandıracaq. Bildiyimə görə, bizim regionda kim həqiqi jurnalistika məhsulu yaradırsa və bəyənmələrə, paylaşılmalar əsasən işləmirsə, heç birinin kiçik biznesdən əldə etdiyi gəlirlə redaksiyanı saxlamaq imkanı yoxdur. Ona görə, əgər bu proses qanun layihəsinin müəlliflərinin düşündüyü kimi, belə gedərsə, əsas məlumat mənbəyi olan, qərəzsiz, hər hansı hökumətin dövründə jurnalistikanı yerinə yetirən kiçik media təşkilatlar işlərinə davam edə bilməyəcəklər”, – Manon Bokuçava bildirir.

Gürcüstan Jurnalistika Etika Xartiyasının rəhbəri Mariam Qoqosaşvili də regional və onlayn media vasitələrinin yox olma təhlükəsindən danışır. O, bildirir ki, qanun layihəsinin qəbul olunması halında mərhələli şəkildə regionda olan müstəqil tənqidi media təşkilatları bağlanacaq.

“Biz hesab edirik ki, bu rus qanununun analoqudur. Bu qanun neçə il əvvəl qəbul edilib və biz sonradan Rusiyada hadisələrin necə davam etdiyini, hakimiyyət maraqlarını qorumayan media vasitələrinin taleyinin necə olduğunu gördük. Hesab edirik, bu gün Gürcüstanda da məhz azad mediaya qarşı başlanğıc ola bilər. Çünki biz bilirik ki, bu qanun 20%-dən artıq gəlirinin beynəlxalq təşkilatlardan olan media vasitələrinə də aiddir. Biz bilirik ki, regional, onlayn medianın əksəriyyəti məhz beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilir. Bu deməkdir ki, Gürcüstanda hakimiyyətdən asılı olmayan azad media faktiki olaraq mövcud olmayacaq”.

Mariam Qoqosaşvilinin sözlərinə görə, qanun layihəsi təşkilatların şəffaflığının zəmanəti olaraq yaradılıb ki, onların maliyyə mənbəyi məlum olsun. Amma bu gün Gürcüstanda fəaliyyət göstərən bütün müstəqil media vasitələri və qeyri-hökumət təşkilatlarının maliyyəsi şəffafdır. Maliyyələşdirənlər haqqında məlumat hamıya əlçatandır.

“Real olaraq, maliyyə şəffafdır və sadəcə səbəb Gürcüstanda azad medianı yox etmək deyilsə, belə qanunun qəbul olunması niyə lazım olub, bu aydın deyil”, – Mariam Qoqosaşvili bildirdi.

“Xaqın gücü”nün “Gürcü arzusu” tərəfindən dəstəklənən yeni qanun layihəsinə əsasən, gəlirləri 20%-dən çoxu beynəlxalq tərəfdaşlar və təşkilatlar tərəfindən maliyyələşdirilən qeyri-hökumət və media qurumları “xarici təsir agenti” kimi qeydiyyatdan keçməlidirlər. Məcburi qeydiyyatdan keçmədiyi təqdirdə ona 25.000 lari məbləğində cərimə tətbiq olunacaq. Gürcüstanın Jurnalist Etikası Xartiyasının rəhbərinin fikrincə, “xarici təsir agenti” kimi qeydiyyatdan keçmək media qurumlarının nüfuzdan düşməsinə səbəb olacaq, onların cərimələnməsi isə bilavasitə regional və ya onlayn medianın bağlanmasına gətirib çıxaracaq. Cəriməni ödəmək və işlərini davam etdirmək üçün kifayət qədər maliyyə imkanları var.

Sonda əgər Parlament bu qanunu qəbul etsə, gələcəkdə heç bizim səhifə də əlçatan olmayacaq. Çünki biz də bağlanmaq təhlükəsi qarşısında qalacağıq.


Print ელ. ფოსტა
FaceBook Twitter Google