Bu gün, 14 iyun tarixində Marneuli meriyasının Fiziki İmkanları
Məhdud Şəxslər Şurasının iclası keçirilib.
İclasda ümumilikdə 5 məsələ müzakirəyə çıxarılıb. Marneuli
meriyasının Səhiyyə, Sosial Təminat, Mədəniyyət, İdman, Uşaq
Hüquqlarının Müdafiəsi və Dəstək Xidmətinin rəhbəri Nino Dekanoidze
“Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, şura 5 məsələnin
hamısı ilə bağlı müsbət qərar qəbul edib.
“İclasda gündəliklə 5 məsələnin müzakirəsi nəzərdə
tutulmuşdu. Bu onların firavanlığına istiqamətlənmiş bəzi
məsələlərin icrasıdır. Bu qlukometrlərin alınması və görmə qüsurlu
şəxslər üçün təzyiq aparatının alınmasıdır. Eləcə də eşitmə qüsurlu
şəxslərimiz var. Onların öz ofisi var və həmin ofisdə onların
gündəlik toplantısı baş tutur. Biz bu baxımdan çalışırıq ki,
onların bu ərazidə şəraitini yaxşılaşdıraq. Həmçinin, fiziki
imkanları məhdud şəxslər üçün pulsuz gedişhaqqı kartlarının
hazırlanması tələbi var. Yerli özünüidarə bu tələbin icra
edilməsini təmin edir. Biz onların ekskursiyasını
maliyyələşdirəcəyik. Bu özlərinin tələbidir və mühüm, maraqlı olan
müəyyən məsələləri müzakirə etdik”, – Nino Dekanoidze
bildirdi.
Marneuli meriyasının Fiziki İmkanları Məhdud Şəxslər Şurasının
iclası 2022-ci ilin 27 iyun tarixindən sonra ilk dəfə bu gün
keçirilib. Marneuli merinin müavini və Fiziki İmkanları Məhdud
Şəxslər Şurasının sədri Temur Şubitidze “Marneuli” radiosu ilə
söhbəti zamanı bildirdi ki, şuranın iclasının keçirilməsi
məsələlərin sayından asılıdır.
“İclasda 5 məsələ müzakirə olundu. Bütün məsələlərlə
bağlı müsbət qərar qəbul olundu. Hamısı həll olunacaq. Sonrakı
iclas məsələlərdən irəli gələrək təyin olunacaq. Məsələlər çox
olmalıdır ki, şura toplansın. Məsələn, 3-4 və ya daha çox məsələ
olmalıdır. Bir və iki məsələdən az olanda nadir hallarda
toplaşırıq. Ancaq əgər bu məsələlər təcilidirsə, yenə də
toplanırıq. Yəni şuranın toplanması müraciətlərə
bağlıdır”, – Temur Şubitidze bildirdi.
Fiziki İmkanları Məhdud Şəxslər Şurasının iclası Marneuli
miqyasında yaşayan görmə qüsurlu vətəndaşların səsli təzyiq və
qlükometr aparatlarının alınması məsələsi ilə başladı. Nino
Dekanoidze məsələnin müzakirəsi zamanı bildirdi ki, meriya artıq
qlükometrlərin alınması ilə bağlı işləyib, təzyiq aparatlarının
alınması ilə bağlı məsələ isə araşdırma prosesindədir, meriya imkan
daxilində onları da alacaq.
Şurada müzakirə olunan ikinci məsələ Marneulinin Eşitmə Qüsurlu
Şəxslər ofisinin təmiri ilə bağlı idi. Nino Dekanoidzenin sözlərinə
görə, Marneuli meriyası ofisin təmiri üçün 1000 lari ayıracaq.
Üçüncü məsələ Şaban Məmmədovun atasının məktubu ilə bağlı idi. Nino
Dekanoidzenin sözlərinə görə, Şaban Məmmədov ali təhsil
müəssisəsinin tələbəsidir və o, fiziki imkanları məhdud şəxsdir,
ailə onun hərəkət etməsi üçün çox çətinlik çəkir. Məmmədovun
hərəkət etməsini təmin etmək məqsədi ilə Fiziki İmkanları Məhdud
Şəxslər Şurası ona birdəfəlik 1000 lari verilməsini
dəstəkləyib.
Dördüncü məsələ fiziki imkanları məhdud şəxslər üçün pulsuz
gedişhaqqı ilə bağlı idi. Marneuli meriyası 2022-ci ilin 22 noyabr
tarixində bələdiyyə miqyasında fiziki imkanları məhdud şəxslərə
pulsuz gedişhaqqı kartları paylayıb. Bu gün, 14 iyun tarixində,
Fiziki İmkanları Məhdud Şəxslər Şurası əlavə 18 ədəd gedişhaqqı
kartının hazırlanmasını dəstəkləyib.
Fiziki İmkanları Məhdud Şəxslər Şurasının iclasında beşinci məsələ
fiziki imkanları məhdud şəxslərin ekskursiyasının
maliyyələşdirilməsi müzakirə olunub. Fiziki İmkanları Məhdud
Şəxslər Şurasının sədri Temur Şubitidze iclas iştirakçılarına
bildirib ki, meriya marşrut əldə etdikdən sonra fiziki imkanları
məhdud şəxslər üçün nəqliyyat ayıracaq.