Ümumi qabiliyyət imtahanının nəticələri dərc olunub – abituriyentlərin təəssüratları
Milli Qiymətləndirmə və İmtahan Mərkəzi 1+4 proqramı ilə imtahan verən abituriyentlərin imtahan nəticələrini dərc edib.

Daşlı Qullar (Muxrana) kənd sakini Fiyalə Novruzova da qəbul olanlar arasındadır. O, ümumilikdə 62 bal toplayıb. Fiyalənin sözlərinə görə, imtahana düşən suallar elə də çətin olmayıb və o, yaxşı çalışdığı üçün yüksək nəticə əldə edə bilib.

"Ümumi olaraq 62 bal topladım. 39-u riyaziyyatdan, 23 bal isə məntiq hissəsindən. Hazırlıqlar yaxşı keçdi. Demək olar ki, Elvir müəllimin sayəsində bu qədər böyük bal toplaya bildim. Həqiqətən də Elvir müəllimin uşaqlara böyük köməyi dəydi. Suallar elə də çətin deyildi. Riyazi hissə elə də çətin deyildi, amma məntiqdən çox gözləyirdim, az gəldi. Məntiq hissəsi bir az çətin idi. Biznesin idarə olunması sahəsində oxumaq istəyirəm. Buna görə də ilk olaraq İlia Universitetini yazmışam. Mənə İlianı tövsiyə etdilər, dedilər ki, İlia yaxşıdır, mən də bunu seçdim".

18 yaşlı Günel Gülməmmədli Qasımlı kəndindəndir. O, milli imtahanlardan 63 bal toplayıb. Günel deyir ki, o, öz hazırlıq müəlliminin sayəsində bu nəticəni əldə edə bilib. Hazırlıq vaxtı yaşadığı bir sıra problemlərə baxmayaraq Gülməmmədova bu gün istədiyi balı topladığını bildirir.

"İmtahan mənə asan gəldi. Bunun nəticəsində də məntiqdən 25, riyaziyyatdan 37 bal yığdım. Əlbəttə ki, Elvir və Rahidə müəllimin sayəsində bu qədər bal yığa bildim. Mən aşağı nəticə fikirləşirdim. Amma mənim üçün yaxşı nəticə oldu. Elvir müəllim mənə dedi ki, səndən yaxşı nəticələr gözləyirəm. Amma mən o qədər də gözləmirdim. Yaxşı nəticə oldu. Mən ya Cavaxişvilini, ya da İlia Universitetini fikirləşirəm. İlk olaraq Cavaxişvilini yazmışam. Peşə olaraq isə psixologiyanı oxumaq istəyirəm. Hazırlığa gedib gəlmək uzaq idi. Hətta nəqliyyat problemi də var idi. Amma buna baxmayaraq, təhsilimi yarımçıq qoya bilməzdim".

Yuxarı Saral kənd sakini Qocayev Fərid deyir ki, hələ 11-ci sinfə keçib. İmtahana qatılmaq onun öz qərarı olub və bəxtini sınamaq istəyib. O, bu gün nəticələrlə tanış olub və 62 bal topladığını görüb. Qocayev üçün topladığı bal gözlənilməz olub.

"Müəllimim dedi ki, sən yaxşı oxuyursan. Buna görə də özümü sınamaq üçün İmtahana getdim. İmtahandan 62 bal topladım. Əslində bu qədər bal gözləmirdim. Məntiqdən 23 bal yığdım. Amma o qədər gözləmirdim. Məntiq bir az çətin idi. Amma riyaziyyat çox asan idi. Sadəcə çalışmaq lazımdır və fikrini hazırlığa yönləndirməlisən”.

Repetitor Elvir Həsənov “Marneuli” radiosu ilə öz təəssüratlarını bölüşdü. O, bu il də hər il olduğu kimi bir çox tələbəsinin yüksək bal toplayaraq ali təhsil ocaqlarına qəbul olduğunu deyir. 8 il ərzində 1000-dən çox tələbəsinin imtahanda yüksək nəticə əldə etdiyini deyən Həsənov bildirdi ki, repetitorluq onun həyatının əsas hissəsidir və o, bu işi sevərək yerinə yetirir.

“8 ildir, tələbələr hazırlayıram. 8 il ərzində 1000 nəfərdən çox şagirdim tələbə statusunu qazanıbdır. Sadəcə bu il 200 nəfərlik icmamız tələbə statusunu qazandı. Öz xüsusi proqramımı tətbiq edirəm. İllərdir, sevdiyim işi gördüyüm üçün mənə və şagirdlərimə imtahan çətin gəlmir. Düşünürəm ki, bir işdə müvəffəqiyyətli olmaq üçün, gördüyün iş üzrə sadəcə mütəxəssis olmaq deyil, həm də o işi sevərək görmək lazımdır. Bu il də hər il olduğu kimi, kifayət qədər qrant əldə etmiş tələbələrimiz var”.

Məlumat üçün bildirək ki, bu il etnik azlıq nümayəndələri, həmçinin azərbaycandilli abituriyentlər üçün nəzərdə tutulmuş ümumi qabiliyyət imtahanı 18 iyul tarixində keçirilib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google