Dünya əhalisi 8 milyard nəfər olub.
Bu barədə BMT-nin Əhali Fondunun (UNFPA) rəsmi internet səhifəsi
məlumat yayıb.
UNFPA-nın 15 noyabr üçün verdiyi məlumata görə, dünya əhalisinin
sayı 8 milyard nəfərə çatıb.
UNFPA tərəfindən dərc edilmiş hesabata əsasən, ehtimal olunur ki,
2030-cu ildə dünya əhalisi 8.5 milyarda, 2050-ci ildə 9.7 milyarda,
2100-cü ildə isə 10.4 milyarda nəfərə çatacaq.
Bütün dünyada əhalinin artım tempinin ləngiməsi fonunda, 2100-cü
ilə kimi artım davam edəcək.
1970-ci ildən etibarən aşağı düşməyə başlayan artım tempi 2020-ci
ildə ilk dəfə olaraq ildə 1 faizdən də aşağı düşüb.
Dünya əhalisinin 7 milyarddan 8 milyard nəfərə yüksəlməsi üçün 12
ilə yaxın zaman tələb olunduğu halda, 9 milyarda çatmaq üçün 14.5
il lazım olacaq və bu proses təxminən 2037-ci ilə kimi davam
edəcək.
Verilən proqnozlara əsasən, Afrika ölkələrində (Böyük Səhranın
cənubunda) əhalinin artım tempi 2050-ci ildə, yüksək doğum
səviyyəsi səbəbindən, qlobal artımın 50 faizini təşkil edəcək.