“Polşaya raket atılması texniki səhv ola bilər və ya
başqa səbəblər ola bilər”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 ölkələri
liderlərinin İndoneziyanın Bali adasında keçirilən sammiti zamanı
jurnalistlərə açıqlamasında deyib.
O, ABŞ Prezidenti Cozef Baydenin hadisə ilə bağlı bəyanatını
xatırladıb.
“Bayden də deyib ki, raketlər Rusiya istehsalı deyil. Almaniya
kansleri Olaf Şoltsla da bu barədə danışdım. Hələ konkret bir şey
yoxdur. Amma məsələ araşdırılmalıdır.
Biz ən qısa zamanda Rusiya ilə Ukraynanı eyni masa arxasında
əyləşdirmək istəyirik. Belə bir vaxtda təhriklər düzgün addım
deyil”, - Türkiyə lideri vurğulayıb.
R.T.Ərdoğan söyləyib ki, Rusiya ilə Türkiyə arasında əlaqələr bütün
sahələrdə inkişaf edib:
“Biz qonşuyuq. Sülhün yolu
dialoqdan keçir. Ukrayna ilə Rusiya arasında savaşın bitməsinə
çalışırıq. Belə bir vaxtda müharibənin üçüncü tərəfinin ortaya
çıxması doğru deyil”.
Xatırladaq ki, Rusiyanın Ukraynaya etdiyi genişmiqyaslı raket
hücumundan sonra bir neçə mərminin Polşa ərazisinə düşdüyü güman
edilirdi. Hadisə nəticəsində 2 nəfər həlak olub. Olaydan sonra
Polşanın Baş naziri Mateuş Moravetski “böhran vəziyyəti” ilə
əlaqədar hökumətin Təhlükəsizlik və Müdafiə Komitəsinin təcili
iclasını çağırıb.
Eyni zamanda, noyabrın 16-da Polşanın tələbi ilə NATO səfirləri
Alyansın Nizamnaməsinin 4-cü maddəsi əsasında iclas
keçirəcəklər.
İnsidentlə əlaqədar çıxış edən Polşa Prezidenti Anjey Duda Alyansın
döyüşə hazır vəziyyətdə olduğunu vurğulayıb:
“Bu gün
söhbət etdiyim bütün liderlər 5-ci maddə daxil olmaqla Nizamnamənin
bütün müddəalarına hörmətlə yanaşaraq məni müttəfiq dəstəyində əmin
ediblər. Bu məsələni birlikdə müzakirə edəcəyik”.
Qeyd edək ki, Polşa NATO üzvüdür. NATO Nizamnaməsinin 5-ci
maddəsinə əsasən, əgər bir NATO üzvü silahlı hücumun qurbanı
olarsa, Alyansın digər üzvləri bu zorakılıq aktını bütün NATO
ölkələrinə qarşı silahlı hücum hesab edir və hücuma məruz qalmış
NATO ölkəsinə kömək etmək üçün lazım bildikləri tədbirləri
görür.