Mirzəyev və Hacıyev Cavaxetiyadan olan həmkarlarının büst açılışında iştirakı ilə bağlı gələn həftə izahat tələb edəcəklər
Marneulinin majoritar deputatı Ruslan Hacıyev və Qardabaninin majoritar deputatı Savalan Mirzəyev 20 yanvar tarixində Axalkalakinin kəndlərindən birində Qarabağ müharibəsi iştirakçısının büstünün qoyulması məsələsinə münasibət bildirdilər.

Ruslan Hacıyevin dediyinə görə, abidənin Axalkalaki meri və Bələdiyyə Məclisi nümayəndələri tərəfindən açılması çox pis haldır. Çünki Buğaşenidə büstü qoyulan Mixeil Avakyan separatistlər tərəfindən vuruşurdu.

“Hesab edirəm ki, bu çox pis faktdır,
çünki Gürcüstanın Azərbaycanla çox yaxşı, strateji əlaqələri var və bu ölkə bizim üçün çox yaxın və dost ölkədir. Məhz buna görə də hesab edirəm ki, yerli özünüidarə belə addım atmamalı idi”,
– Ruslan Hacıyev deyir.

Baxmayaraq ki, büstün açılışında yerli özünüidarə nümayəndələri ilə bərabər Parlamentin üzvləri Enzel Mkoyan və Samvel Manukyan da iştirak edirdilər, Hacıyev deyir ki, Gürcüstan hakimiyyətinin, Parlamentinin və hakim partiyasının mövqeyi onlardan fərqlidir.

“Ola bilsin ki, bu deputatların şəxsi düşüncəsidir, bilmirəm, deyə bilmərəm. Lakin dəqiq bilirəm ki, şəxsən orada o büstün açılmasını yanlış hesab edirəm. Bu Gürcüstan-Azərbaycan əlaqələrinə zərər vura bilər”,
– Ruslan Hacıyev bildirdi.

Hacıyev kimi Savalan Mirzəyev də Axalkalakidə Qarabağ müharibəsi iştirakçısının büstünün qoyulmasını qınayır və deyir ki, bu faktı dövlətin mövqeyi kimi qəbul etmək olmaz.

“Bunu bizim hakimiyyətin, iqtidar komandasının mövqeyi kimi qəbul etmək olmaz. Çünki Gürcüstan hakimiyyəti hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”, – Savalan Mirzəyev deyir.

Deputatlar öz həmkarları ilə görüşməyi və onlardan izahat almağı düşünürlər. Mirzəyev deyir ki, Enzel Mkoyan və Samvel Manukyanla bazar ertəsi və ya çərşənbə axşamı görüşməyi planlaşdırır.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər