Yanvarın 23-də ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Söhbət zamanı ABŞ dövlət katibi Azərbaycan ərazisində Laçın
dəhlizində yaranmış vəziyyətlə bağlı narahatlığını bildirib. Antoni
Blinken ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında münasibətlərin
normallaşdırılmasına sadiqliyini ifadə edib və sülh müqaviləsi üzrə
danışıqları dəstəklədiyini bildirib.
Prezident İlham Əliyev Laçın-Xankəndi yolunda hər hansı blokadanın
olmadığını qeyd edərək, 2022-ci il 12 dekabr tarixindən etibarən
980-nə yaxın nəqliyyat vasitəsinin bu yoldan keçidinin təmin
olunduğunu vurğulayaraq, onların 850-dən çoxunun Rusiya
sülhməramlılarına, 120-dən artığının isə Beynəlxalq Qızıl Xaç
Komitəsinə məxsus olduğunu deyib. Eyni zamanda, Azərbaycan
Prezidenti Qarabağda yaşayan 90-a yaxın xəstə və tibbi yardıma
ehtiyacı olan şəxsin Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə
Ermənistana aparılmasının təmin edildiyini vurğulayıb. Prezident
İlham Əliyev bildirib ki, bütün bunlar Laçın-Xankəndi yolunun
Azərbaycan tərəfindən bağlanmadığını göstərir.
Dövlətimizin başçısı vurğulayıb ki, Rusiya sülhməramlılarının
müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Azərbaycanın
faydalı qazıntı yataqlarının qanunsuz istismarı dayandırılmalı və
həmin ərazidə Azərbaycanın daimi monitorinq və təftiş aparmaq
imkanı təmin edilməlidir. Azərbaycan Prezidenti Ermənistan
tərəfindən 2021-ci ilin istehsalı olan minaların qanunsuz olaraq
Laçın yolundan istifadə edilərək daşındığını bildirib.
Prezident İlham Əliyev ölkəmizin sülh prosesinə və Ermənistan ilə
Azərbaycan arasındakı münasibətlərin normallaşdırılmasına sadiq
olduğunu
qeyd edib. Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan
ilə Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi beynəlxalq
hüququn norma və prinsipləri, Azərbaycanın təqdim etdiyi beş
prinsip əsasında yalnız ikitərəfli münasibətlərin
normallaşdırılmasını özündə ehtiva etməlidir.
Prezident İlham Əliyev Azərbaycanın Qarabağ iqtisadi zonasında
yaşayan mülki erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin
Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında
təmin olunacağını qeyd edib.
Telefon söhbət əsnasında qarşılıqlı maraq doğuran məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.
Mənbə: trend.az