"Ermənistan Silahlı Qüvvələrinin bölmələri dövlət
sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı
genişmiqyaslı təxribat törədib."
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
"Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu
istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail
olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın
16-sı saat 11.00 radələrində qəfil hərbi əməliyyata başlayıb.
Basarkeçər və Qarakilsə rayonlarında yerləşən sərhəd-döyüş
mövqelərinə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika cəmləşdirən
Ermənistan hərbi bölmələri Azərbaycan Ordusunun Kəlbəcər və Laçın
rayonlarındakı döyüş postlarına hücum edib.
Qarşı tərəf Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı
silahlar və qumbaraatanlardan intensiv atəşə tutaraq döyüş
postlarımıza atəşlə zərər vurub. Nəticədə ilkin məlumata görə
Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Yaralılara
dərhal ilkin tibbi yardım göstərilib. Hazırda onların həyatları
üçün təhlükə yoxdur.
Ermənistan Silahlı Qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq
məqsədilə Kəlbəcər və Laçın istiqamətində yerləşən birlik və
qüvvələr tərəfindən dərhal təxirəsalınmaz əməliyyat həyata
keçirilib. Əvvəlcə qarşı tərəfin hərəkəti məhdudlaşdırılıb, onun
qüvvə və vasitələrinə zərər vurulub. Görülmüş qəti tədbirlər
nəticəsində erməni hərbçiləri tərksilah edilərək saxlanılıb, xeyli
sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi
ələ keçirilib.
Genişmiqyaslı təxribat törətməklə qısa müddətli üstünlüyə nail
olmaq istəyən Ermənistan hərbi bölmələrinin hücumu
əməliyyat-taktiki baxımından tam iflasa uğrayıb və növbəti dəfə
rəsmi Yerevanın təxribat törətmək cəhdi uğursuzluqla
nəticələnib", – nazirliyin məlumatında deyilir.
Mənbə: report.az