Sabahdan Heydər Əliyev Beynəlxalq Aeroportu gələn il martın 30-na
qədər payız-qış uçuş cədvəlinə keçir.
Məlumata görə, bu müddətdə Bakıdan 18-i aşağı büdcəli aviadaşıyıcı
olmaqla 37 aviaşirkət 70-dən çox istiqamətə müntəzəm və çarter
reysləri yerinə yetirəcək.
Payız-qış mövsümündə hava limanı baza aviadaşıyıcısı olan
"Azərbaycan Hava Yolları" QSC (AZAL) bir sıra yeni istiqamətlərini
açmaqla və yeni aviaşirkətlər
cəlb etməklə öz marşrut şəbəkəsini
genişləndirəcək. Həmçinin müxtəlif beynəlxalq istiqamətlərə
uçuşların tezliyinin artırılması gözlənilir ki, bu da sərnişinlərə
daha çox səyahət variantları təqdim edəcək.
"Bakı hava limanı bütün sərnişinlərinə yüksək səviyyədə xidmət
göstərməyə çalışır, həmçinin aviadaşımaların təhlükəsizliyini və
rahatlığını təmin etmək üçün qabaqcıl texnologiyalar və yenilikləri
tətbiq etməyə davam edir", - deyə məlumatda qeyd
olunub.