Rusiya mediasında çıxan xəbərlərə görə, bu ölkə Azərbaycanla
sadələşdirilmiş gömrük dəhlizi yaratmaq istəyir.
Hər halda, Rusiya Federal Gömrük Xidməti nümayəndəsinin
açıqlamasında belə bir niyyət əksini tapıb. Açıqlamada deyilir ki,
sadələşdirilmiş gömrük dəhlizi müqavilə bağlamış iki ölkə arasında
malların bəyanı və buraxılması zamanı inzibati yükün azaldılmasını
və gömrük nəzarəti tədbirlərinin tətbiq tezliyini nəzərdə tutur.
Tərəflər gömrük nəzarəti
sonuclarını da qarşılıqlı şəkildə
tanıyacaq. Rusiya gömrük qurumunun fikrincə, ölkələr arasında
yüklərin sadələşdirilmiş şəkildə daşınması inzibati aparatın yükünü
azaldacaq və daşıma prosesini asanlaşdıracaq. Başqa deyimlə,
anlaşmanın detalları tam açıqlanmasa da, ilkin açıqlamalardan bəlli
olur ki, sadələşdirilmiş gömrük dəhlizi ideyası gömrük tarifləri
ilə bağlı dəyişiklikləri nəzərdə tutmur. Yeni dəyişikliklər daha
çox gömrükdə malların yoxlanılma və rəsmiləşdirilməsini
sürətləndirə bilər.
Azərbaycan və Rusiya arasında sərbəst ticarət sazişi 30 il öncə
imzalanıb. Rusiya Azərbaycanın sərbəst ticarət sazişi bağladığı 10
ölkədən biridir. Rusiya ilə yanaşı, Moldova, Ukrayna, Gürcüstan,
Türkmənistan, Özbəkistan, Qazaxıstan, Tacikistan və Belarus da
Azərbaycanın sərbəst ticarətə dair anlaşdığı və saziş imzaladığı
ölkələrdir. "Sərbəst ticarət haqqında" ikitərəfli sazişə əsasən,
bir ölkənin gömrük ərazisindən digər ölkənin gömrük ərazisinə
birbaşa idxal edilən mallara idxal gömrük rüsumu tətbiq
edilmir.
İdxalda Rusiyanın payı daha
çoxdur
Dövlət Statistika Komitəsinin (DSK)
bilgilərinə görə, Rusiya Azərbaycanın ən böyük ticarət dövriyyəsinə
malik olan üçüncü ölkədir. Özəlliklə idxalda Rusiyanın payı daha
çoxdur. Başqa sözlə, Azərbaycanla Rusiya arasındakı ticarətdən
qazanclı tərəf daha çox Rusiyadır. Axı Rusiyanın Azərbaycana
satdığı məhsulların dəyəri Azərbaycanın Rusiyaya satdığı
məhsulların dəyərini təxminən üç dəfə üstələyir. Bu ilin ilk 9
ayında Azərbaycan Rusiyadan 2 milyard 270 milyon dollarlıq idxal
gerçəkləşdirib. Bu, Azərbaycanın toplam idxalının 18 faizi
deməkdir. İlk 9 ayın nəticələrinə görə, Rusiya Azərbaycanın ən çox
idxal gerçəkləşdirdiyi ölkədir.
Eyni dövr ərzində Azərbaycanın Rusiyaya ixracı 864 milyon dollar
olub. Toplam idxalda Rusiya Azərbaycanın ən çox ixrac
gerçəkləşdirdiyi beşinci ölkədir. Di gəl, sırf qeyri-neft sektoru
məhsulları üzrə Rusiya Azərbaycanın əsas ticarət partnyorudur. Bu
il ərzində Azərbaycan toplam 2.4 milyard dollarlıq qeyri-neft
məhsulu ixrac edib. Bunun 787 milyon dolları (32 faizi) məhz
Rusiyanın payına düşür.
Rusiya ilə sərhəddə durum
necədir?
Dövlət Gömrük Komitəsi hər ay mal və
nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinə sərf olunan
vaxta dair göstəriciləri açıqlayır. Həmin göstəricilərə görə,
Xaçmaz Gömrük İdarəsinə gətirilən mal və nəqliyyat vasitələrinin 83
faizinin rəsmiləşdirilməsinə üç gündən az zaman gərəkib.
Açıqlanan rəsmi göstəricilərdən bəlli olur ki, hazırda Xaçmaz
Gömrük İdarəsi ölkədə mal və nəqliyyat vasitələrinin
rəsmiləşdirilmə müddəti baxımından ən yaxşı nəticəyə malik üç
gömrük idarəsindən biridir.
Sadələşdirilmiş gömrük dəhlizinin yaradılması Rusiya və Azərbaycan
sərhədində məhsulların rəsmiləşdirmə sürətini bir qədər də artıra
bilir. Rəsmi rəqəmlərdən aydın olur ki, hazırda ölkədə gömrük
idarələri arasında 15 gündən çox çəkən gömrük rəsmiləşdirmələrinin
payca ən çox olduğu gömrük idarələri Şərqi Zəngəzur (73 faiz),
Biləsuvar (25 faiz) və Hava Nəqliyyatında Baş Gömrük İdarəsidir (20
faiz).