İstanbul Mərmərə Universitetinin azərbaycanlı müəllimi, türkoloq
alim, əslən Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndindən olan
alim Arif Acaloğlu bu gün Bakıda yol qəzasında həlak olub.
O, Türkiyədən Bakıya qonaq gedibmiş. Hadisə Sabunçu rayonu
ərazisində - Bakı Olimpiya Stadionunun yaxınlığında baş verib.
Məlumata görə, A.Acaloğlu Azərbaycana elmi konfransda iştirak etmək
üçün gedibmiş.
Qeyd edək ki, A.Acaloğlu 1956-cı ildə Bolnisi rayonunun Kəpənəkçi
kəndində anadan olub. Bakı Dövlət Universitetinin filologiya
fakültəsini bitirib. 1982-ci
ildə Ədəbiyyat İnstitutunun Mifologiya
şöbəsində elmi işçi kimi fəaliyyətə başlayıb. O, 1983-1986-cı
illərdə Tartu Universitetində (Estoniya) Semiologiya üzrə
doktorantura təhsili alıb. 1987-1990-cı illərdə folklor
kafedrasında ekspert, 1990-cı ildə Bakı Dövlət Universitetində
müəllim olub.
O, 1992-1993-cü illərdə Azərbaycan Prezidentinin müşaviri
vəzifəsində çalışıb. 1993-cü ilin ortalarında işini tərk edərək
Türkiyədə məskunlaşıb. Uzun müddət Bilgi Universitetinin Rus Dili
Proqramında, 2008-2019-cu illərdə isə Yeditəpə Universitetinin
Antropologiya bölməsində müəllim vəzifəsində çalışıb. O, akademik
və siyasi araşdırmalarla yanaşı, bir çox televiziya proqramları,
müsahibələr və populyar məqalələr hazırlayıb, 30-dan çox tərcümə
kitabı nəşr edilib.
O, Qafqaz, Orta Asiya və Sibirdə Türk tarixini araşdırmaq məqsədilə
çoxsaylı akademik fəaliyyətlər göstərib.
Qeyd edək ki, həmin müddətdə Azərbaycanın Prezidenti Əbülfəz
Elçibəy olub.
Mənbə: qafqazinfo.az