Öz son hesabatlarında Dr. Web şirkəti Android əməliyyat sistemi
üçün nəzərdə tutulmuş yeni zərərli proqram təminatının aşkar
edilməsindən danışıb.
Aşkar edilmiş yeni zərərli proqram təminatı casusluq özəlliklərinə
sahibdir. Belə ki, o, cihazdakı fayl sistemi barəsində məlumatları
yığaraq onları hackerlərə ötürə və faylların mübadiləsi buferində
yerləşən faylları əvəzləyə bilər. Android.Spy.SpinOk adlı yeni
troyan marketinq SDK şəklində yayılır.
Tərtibatçılar onu Google Play Market və digər tətbiq mağazaları
vasitəsilə yayılan mobil tətbiqlər ilə oyunlara inteqrasiya
edirlər. Son məlumatlara əsasən sözügedən troyan ümumilikdə 421 290
300 yüklənmə sayına sahib 101 tətbiqdə aşkar edilib. Bu isə o
deməkdir ki, yüz milyonlarla Android istifadəçisi bu troyandan
zərər çəkə bilər. İstifadəçi smartfonunun sisteminə daxil olandan
sonra SDK troyan idarəetmə serveri ilə əlaqə yaradır və ona
smartfonun texniki özəllikləri barəsində müxtəlif məlumatları
ötürür.
Bu məlumatlar isə zərərli proqram təminatının iş prosesinin
ayarlanmasında istifadə edilə bilər. Nəticədə onun smartfon
sistemində olduğunu aşkar etmək mümkün olmayacaq. Mütəxəssislər bu
troyan barəsində məlumatları artıq mobil tətbiq və oyun
tərtibatçılarına təqdim ediblər. İstifadəçilərə isə sahib olduqları
mobil tətbiq və oyunları son versiyaya kimi yeniləmək məsləhət
görülür.
Mənbə: lent.az