Mağalaşvili körpüsündə nəqliyyatın hərəkəti 5 fevraldan bərpa olunacaq
Marneulinin mərkəzi Rustaveli küçəsində yerləşən Durmuşxan Mağalaşvili körpüsündə nəqliyyatın hərəkəti 5 fevral tarixindən bərpa olunacaq.

Bu barədə yerli özünüidarə məlumat yayıb.

“Marneuli şəhərində, Rustaveli küçəsində Durmuşxan Mağalaşvili adına körpünün infrastruktur işləri son mərhələdədir. Körpünün bərpasından sonra yolun hərəkət hissəsinin asfaltlanması aktiv şəkildə davam etdirilir”.

Qeyd edək ki, 8 yanvar tarixində Durmuşxan Mağalaşvili adına körpünün bərpası işlərini həyata
keçirən “İrlani” MMC şirkətinin direktoru Temur Tabukaşvili “Marneuli” radiosu ilə söhbəti zamanı bildirmişdi ki, körpünün bərpası işləri yanvarın sonuna qədər tamamlanacaq. Amma həmin tarixdə körpüdə hərəkət bərpa olunmadı.

30 noyabr tarixindən Mağalaşvili adına körpüdə hərəkət məhdudlaşdırılıb. Bu şəhərdə tıxacların yaranmasına səbəb olub. Əvvəlcə Marneuli meriyasından bildirirdilər ki, körpüdə avtomobillərin hərəkəti 20 dekabr tarixindən bərpa olunacaq. Sonra isə vəd verdilər ki, körpüdə avtomobillərin hərəkəti yeni ilə qədər bərpa olunacaq, amma hələ də körpüdə maşınların hərəkəti bərpa edilməyib.

Marneuli meriyası körpünün bağlanmasına görə yaranmış tıxacları yüngülləşdirmək üçün Mağalaşvili körpüsünün altından müvəqqəti dəmiryolu keçidi də quraşdırıb.

Marneuli şəhərində Durmuşxan Mağalaşvili adına körpünün bərpası işlərini “İrlani” MMC 1 878 333 lariyə həyata keçirir. İşlər beş aydan artıqdır, davam edir. Marneuli meriyası şirkətlə 2023-cü ilin 5 may tarixində müqavilə bağlayıb. Müqaviləyə görə, işlərin başa çatdırılması müddəti olaraq 150 gün, təxminən 5 ay müəyyən edilib. Meriya və “İrlani” MMC arasında 5 may tarixində bağlanmış müqavilədə 12 oktyabr tarixində dəyişiklik edilib. Dəyişikliyə əsasən, şirkətə işləri həyata keçirmək üçün 25 dekabra qədər vaxt verilmişdi.

Print ელ. ფოსტა
FaceBook Twitter Google