Türkiyənin Gürcüstandakı səfirinin dini işlər üzrə müşaviri BGMİ-nin yeni müftisi ilə görüşüb
28 dekabr tarixində Türkiyənin Gürcüstandakı səfirinin dini işlər üzrə müşaviri Əhməd Erdem Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan üzrə yeni müftisi Etibar Eminovla görüşüb. Görüş Bütün Gürcüstan Müsəlmanları İdarəsinin mərkəzi ofisində baş tutub.

Bu barədə məlumat Bütün Gürcüstan Müsəlmanları İdarəsinin "Facebook" səhifəsində paylaşılıb.

Məlumata görə, Əhməd Erdem Etibar Eminovu yeni və məsuliyyətli vəzifəyə seçilməsi münasibəti ilə təbrik edib. Müftiyə gələcəkdəki dini işlərində müvəffəqiyyətlər arzu edib.

Həmçinin qonaq, gələcəkdə müfti və Müsəlmanlar İdarəsi ilə əməkdaşlığın dərinləşməsinə hazır olduğunu bildirib.

Müfti Etibar Eminov da öz növbəsində təbrik üçün qonağa təşəkkür edib və ikitərəfli əməkdaşlığın inkişafı üçün hazır olduğunu bildirib.

Qeyd edək ki, 21 dekabr tarixində Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan üzrə yeni müftisinin seçilməsi üçün növbədənkənar seçkilər keçirilib. Keçirilən seçkilərdə Ali Dini Şuranın tam tərkibinin qərarı ilə Şərqi Gürcüstan üzrə yeni Müfti vəzifəsinə Etibar Eminov seçilib. O, bu vəzifəni 5 il müddətinə icra edəcək. Etibar Eminov bu günə qədər Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Kvemo Kartli üzrə nümayəndəsi vəzifəsində çalışırdı.

Onu da əlavə edək ki, 26 sentyabr tarixində Yasin Əliyev səhhətində yaranan problemə görə müfti vəzifəsindən istefa etmişdi.

Print ელ. ფოსტა
FaceBook Twitter Google