Azərbaycan səfirliyi Polşada yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən Gürcüstan vətəndaşlarının ailələrinə başsağlığı verir
Azərbaycanın Gürcüstandakı səfirliyi Polşanın Poznan şəhəri yaxınlığında yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən Gürcüstan vətəndaşlarının ailələrinə başsağlığı verir. Bu barədə məlumat səfirliyin "Facebook" səhifəsində paylaşılıb.

"Polşanın Poznan şəhəri yaxınlığında baş vermiş avtomobil qəzası nəticəsində həlak olan üç nəfər soydaşımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik. Hadisə zamanı yaralananların tezliklə şəfa tapmasını arzulayırıq", – Səfirliyin paylaşımında yazılıb.


Qeyd edək ki, Polşanın Poznan şəhəri yaxınlığında yol-nəqliyyat hadisəsi zamanı 3 Gürcüstan vətəndaşı dünyasını dəyişib. Onlardan iki nəfəri Marneulilidir – biri Baydar kənd sakini Könül Balagözova, digəri isə 22 yaşlı Əzizkənd sakini Əli Abdullayevdir.

Dünyasını dəyişən üçüncü şəxs isə Qardabani bələdiyyəsinin Birlik kəndinin sakinidir.

Məlumata görə, hadisə 21 oktyabr tarixində saat 17:30 radələrində mikroavtobusla yük maşınının toqquşması nəticəsində baş verib.

3 nəfərin ölümü ilə nəticələnən qəzada 5 nəfər ağır yaralanıb.

Xəsarət alanlar hadisədən dərhal sonra Polşanın Tibbi Hava Xilasetmə Xidmətinə məxsus helikopter vasitəsi ilə Poznandakı xəstəxanalara yerlerləşdiriliblər.

Print ელ. ფოსტა
FaceBook Twitter Google