Qonşu bələdiyyələrin fərqli təcrübəsi – Bolnisi və Marneuli icma təşkilatları
Gürcüstan miqyasında 3600 kənddən təxminən, 250-də icma mərkəzi fəaliyyət göstərir. İcma mərkəzlərinin əsas təyinatı yerli icmanın problemləri üzərində işləmək və vətəndaşlarla özünüidarə arasında birmənalı əlaqələndirici bənd yaratmaqdır. İcma mərkəzləri Marneuli və Bolnisidə də fəaliyyət göstərir.

Baxmayaraq ki, Bolnisi və Marneuli qonşu rayonlardır, qeyd olunan bələdiyyələrdə icma təşkilatlarının yaradılması, fəaliyyət təcrübəsi bir-birindən ciddi fərqlənir.

2021-ci ildə Bolnisi yerli özünüidarəsi Bolnisi, Dmanisi, Tetritskaro və Tsalka majoritar deputatı Qoqi Meşvelianinin təşəbbüsü ilə 6 icma mərkəzi yaradıb. Bolnisi meriyasının İctimaiyyətlə Əlaqələr Şöbəsindən “Marneuli” radiosuna icma mərkəzlərində çəkiliş aparmağa icazə vermədilər və bizimlə yalnız yazılı formada ünsiyyət qurmağa razılaşdılar. Bolnisi meriyasından aldığımız rəsmi məlumata görə, icma mərkəzləri Bolnisi şəhəri, Kazreti qəsəbəsi, Naxiduri (Arıxlı), Kvemo Bolnisi (Kəpənəkçi), Talaveri (Faxralı) və Darbazda açılıb.

“İcma mərkəzlərində sağlam həyat tərzi, vətəndaşlığı dərk etmənin yüksəldilməsi, təhsilin əhəmiyyəti, vacibliyi, gənclərin dövlət quruculuğunda iştirakı və onun əhəmiyyətinin fəal təşviqatı həyata keçirilir; Gənclər müxtəlif sosial tədbirlərdə iştirak edirlər. Bu isə bizim etnik baxımdan rəngarəng olan bələdiyyəmizdə gənclərin daha çox yaxınlaşması və ictimai həyata qoşulmasına dəstək olur”, – Bolnisi meriyasının “Marneuli” radiosuna göndərdiyi məktubda deyilir.

Bolnisi meriyasının icma mərkəzlərində çəkiliş aparmağımız və onların fəaliyyətini yerində araşdırmağımızla bağlı etirazına baxmayaraq, biz Bolnisi icma təşkilatlarının inkişafı üzrə işləyən qeyri-hökumət təşkilatı “Vətəndaş bərabərliyi platformasının” nümayəndəsindən müsahibə ala və Naxiduri icma-gənclər mərkəzində keçirilmiş təlimdə iştirak edə bildik.



İndiki mərhələdə Bolnisi icma mərkəzlərinin maddi təminatını bütünlükdə bələdiyyə həyata keçirir. Bolnisi meriyasından aldığımız rəsmi məlumata görə, 2021-ci ildə müxtəlif təlimlərə, tədbirlərə, inventar və texnikaya təxminən 14 000 lari xərclənib. 2022-ci ildə majoritar deputat Qoqi Meşvelianinin təşəbbüsü ilə 4 icma mərkəzində – Naxiduri, Talaveri, Kvemo Bolnisi və Darbazda gürcü dili kursları açılıb. Kursların büdcəsi ümumilikdə, təxminən, 35 00 lari təşkil edib. Logistika və müxtəlif tədbirlərin təminatə üçün təxminən 8000 lari xərclənib.

“İcmaların İnkişafı Mərkəzinin” üzvü Ana Marqvelaşvili hesab edir ki, dövlət maliyyələşdirsə belə, kəndlərdə icma təşkilatlarının olması mühümdür. Ancaq Marqvelaşvili dövlət tərəfindən təsis edilmiş mərkəzlərlə bağlı problemlərdən də danışdı.

“İcma mərkəzi deməkdir ki, bu hamı üçün mərkəzdir. Onun hansı siyasi ruhda olmasının, müxtəlif qruplara məxsusluğunun fərqi yoxdur. Çünki əgər mən, bələdiyyə, icma mərkəzi təsis ediriksə, bu deməkdir ki, mən oraya büdcənin pulunu qoyuram, büdcə isə hamınındır. O zaman artıq xidmətlərin alınması baxımından heç bir fərq olmamalıdır. Mən onu havadan gətirmirəm və bilirik ki, əksər hallarda bu çox problemli məsələdir. Mən konkret olaraq Bolnisi haqqında danışmayacağam. Amma dövlət tərəfindən yaradılmış mərkəzlərdə bu problem həqiqətən var. Çünki biz siyasi mədəniyyəti aşağı olan ölkəyik və mən yalnız açması mənə əlverişli olan qapını aça bilərəm”.

İcma mərkəzlərinin yerli özünüidarə tərəfindən açıldığı Bolnisi bələdiyyəsindən fərqli olaraq Marneuli bələdiyyəsində icma mərkəzlərinin açılması kəndlərdə işləyən fəal vətəndaşların təşəbbüsü və müxtəlif qeyri-hökumət təşkilatlarının maddi dəstəyi ilə baş tutub. Marneuli yerli özünüidarəsi yerli icma təşkilatlarının inkişafına az qoşulub. 2021-ci ildə müxtəlif layihələrin maliyyələşdirildiyi yerli gənclər üçün müsabiqə Marneuli Meriyasının icma təşkilatlarının inkişafı baxımından həyata keçirdiyi nadir istisnadır. Analoji layihə 2022-ci ildə həyata keçirilməyib. Meriyanın İctimaiyyətlə Əlaqələr Şöbəsindən bizə bildirildiyinə görə, proqramın icrası prosesində nöqsanlar aşkarlanıb və yalnız qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yeni müsabiqə elan olunacaq.

“Burada da biz iki istiqamətə baxmalıyıq. Mən ideyanın özünü alqışlayıram və uzunmüddətli perspektivdə bələdiyyənin layihələrin həyata keçirilməsi üçün müsabiqə elan etməsi təcrübəsi çox yaxşı olacaq. Bizdə təhlükə yaranır və tənqid olur ki, bələdiyyə qrant verməyə başlayanda onlar yalnız özlərininkini maliyyələşdirəcəklər. Düzünü desəm, bu riskdir, amma mən yenə də düşünürəm ki, başlamaq, yavaş-yavaş öyrənmək, tənqid etmək daha yaxşıdır. Bunun üçün monitorinq rolunu oynayacaq və çağırışlardan yüksək səslə danışa biləcək müstəqil media olmalıdır. Heç başlamamaq və heç vaxt öyrənməməkdən bu yaxşıdır”, – Ana Marqvelaşvili deyir.

Marqvelaşvilinin sözlərinə görə, icma təşkilatlarının azlıqların məskunlaşdığı region və kəndlərdə olması mühümdür. “İcmaların İnkişafı Mərkəzinin” üzvü Marneulidə fəaliyyət göstərən “Yeni Düşüncə İnstitutunu” nümunə gətirir. Onun sözlərinə görə, bu təşkilatın icmanın inkişafında böyük rolu var.

“Yeni Düşüncə İnstitutu” ümumilikdə 7 icma təşkilatını birləşdirir. Altısı Marneulidə, biri isə Qardabanidədir. Yeni Düşüncə İnstitutunun təsisçilərindən Kamran Əfəndiyev “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, kəndlərdə icmanın inkişafı, yerlərdə mövcud olan problemlərin düzgün, tez həll edilməsi üçün icma təşkilatlarının fəaliyyət göstərməsi vacibdir.

“İcma mərkəzinin ilk təsisçisi Ariz Daşdəmirovdur. 2015-ci ildə Mollaoğlu kəndində təsis etdik və bu Kvemo Kartli regionunda ilk icma mərkəzidir. İcma mərkəzlərinin kəndlərdə olması çox mühümdür. Çünki kəndlər mərkəzdən çox uzaqda yerləşir. İctimai nəqliyyat işləmir və əksər hallarda əhali xidmətdən yararlanmaq üçün Marneuliyə gedə bilmir, birbaşa bizim yanımıza gəlirlər. Biz kənd əhalisinə pulsuz xidmət göstəririk. Əhali əsasən ərizə yazmaq, şəxsiyyət vəsiqəsinin surətini çıxarmaq, tərcümə üçün gəlir. Həmçinin, burada internet var, kitablar var, yəni kənd əhalisinə hərtərəfli xidmət göstəririk”.

Bir yerə toplaşmaq üçün məkandan başqa burada müxtəlif problemlərin həllində dəstək almaq da mümkündür. “Yeni Düşüncə İnstitutu” başqa istiqamətlərdə də işləyir ki, icmada olan problemləri həll etsin. Kamran Əfəndiyevin sözlərinə görə, təşkilatın prioritet istiqamətlərdindən biri qeyri-formal təhsildir.

“Kəndin problemlərinin səsləndirilməsi və təşviqatı kampaniyalarının keçirilməsi də çox mühümdür. Yeni Düşüncə İnstitutunun bu istiqamətdə çoxsaylı layihələri var. Bu layihələr çərçivəsində yollara asfalt qatı çəkildi, küçə işıqları quraşdırıldı, tullantılar problemi həll edildi, Xuldərə kəndində park salındı və s. Bu baxımdan kənddə olan problemlərlə bağlı tez-tez təşviqat kampaniyaları keçiririk. Bizim işlədiyimiz dördüncü istiqamət isə qadınların gücləndirilməsidir. Çox uğurlu qadınlarımız var. Onlar evdar xanım idilər və indi 30 qadın öz biznesi ilə məşğuldur, yaxşı işlər görürlər. Ailənin, icmanın inkişafına öz töhfələrini verirlər. Məhz buna görə, düşünürəm ki, bütün icmalarda, bütün kəndlərdə icma təşkilatları olmalıdır. Bu özünüidarə və kənd sakinləri arasında əlaqələndirici körpü olmalıdır”.

“Yeni Düşüncə İnstitutu”-nun həmtəsisçisinin sözlərinə görə, təşkilat gələcəkdə daha da böyüməyi və Bolnisi, Dmanisi, Tetritskaro, Marneuli və Qardabaninin başqa kəndlərində də mərkəzlər açmağı planlaşdırır.

Ana Marqvelaşvili “İcmaların İnkişafı Mərkəzi”-nin icma təşkilatlarının sosial təsirinin müəyyən edilməsi üçün apardığı araşdırmanın nəticələrindən də danışdı. Araşdırma 2021-2022-ci illəri əhatə edir və göstərir ki, icma təşkilatı fəaliyyət göstərən kəndlərdə əhalinin icma problemlərinin həlli işlərində iştirakı nisbətən yüksəkdir.

“Mən istəyərdim ki, Gürcüstanda hər kənddə bir belə qrup olsun. Bizim araşdırma 10 000 sakindən az əhalisi olan məntəqələrlə bağlı idi və biz fokus qruplar aparanda onlar deyirdilər ki, belə mərkəzlərin olmadığı qonşu kəndlər bizim kəndə gəlirlər. Yerlərdə alternativ məkanın inkişaf etdirilməsi çox mühümdür. Kənddə heç nə baş vermir deyə belə hallar həqiqətən icmaya yaxşı təsir göstərir”.

Ana Marqvelaşvilinin sözlərinə görə, icma qruplarının yaradılması kənddə yaşayan əhalinin yaşam tərzinin inkişafı və problemlərin həlli məqsədi ilə olur. Problemlərin həlli isə hakimiyyət və yerli özünüidarənin iştirakı olmadan çox mümkün deyil. Ana Marqvelaşvili deyir ki, icma təşkilatlarının mübarizə aparmalı olduğu problemlər məhz hakimiyyətin həll etməli olduğu problemlərdir. Amma dövlət bəzi hallarda bu problemlərin müəyyən edilməsi və müvafiq addımların atılmasını həyata keçirə bilmir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google