Şəxsi həyatı təsvir edən görüntülərlə şantaj və qəsb etmə ittihamı
ilə saxlanılmış DTX-nın keçmiş Marneulili əməkdaşı
İlham Axiyev 2021-ci ilin yerli özünüidarə seçkilərində Marneuli
Bələdiyyə Məclisində yer almağa cəhd edib.
İlham Axiyev Qiorqi Qaxarianın "Gürcüstan naminə" partiyasının
proporsional siyahısında səkkizinci yerdə qərarlaşmışdı.
"Gürcüstan naminə" partiyasından İlham Axiyevin seçki siyahısında
olduğunu "Marneuli" radiosuna təsdiq etdilər.
Partiyadan
bildirirlər ki, Axiyev seçkilərdən sonra onlarla
əməkdaşlığı davam etdirməyib və partiyada fəaliyyət
göstərməyib.
Şəxsi həyatı təsvir edən görüntülərlə şantaj və qəsb etmə ittihamı
ilə saxlanılıb İlham Axiyev haqqında "Tv Pirveli" süjet
hazırlayıb.
Kanalın hazırladığı süjetə görə, şəxsi həyatı təsvir edən
görüntülərin yayılmasında iki müttəhim var. İlham Axiyev və
daşınmaz əmlak agenti birlikdə hərəkət edirmişlər. Onlar şantaj
nəticəsində qadının "Marneuli Plazada" yerləşən mənzilini əlindən
alıblar.
İşin təfərrüatlarından danışan prokuror bildirib ki, törədilmiş
cinayət nəticəsində zərərçəkmiş şəxsə 188 000 lari dəyərində ziyan
dəyib.
Marneulili İlham Axiyev 20 il ərzində Dövlət Təhlükəsizlik
Xidmətində işləyib. Saxlanılan şəxsin ailə üzvləri hesab edirlər
ki, o, günahsızdır. Onun atası bildirir ki, oğlu sistemin qaranlıq
işləri barədə çox şey bilirdi və onu məhz bu səbəbdən
saxlayıblar.