Marneuli meriyası tərəfindən televiziya xidmətinin alınması üçün
elan edilmiş tenderdə yenidən “Marneuli TV” qalib gəlib.
Yerli özünüidarə 99 800 lari dəyərində televiziya xidmətinin
alınması tenderini 16 yanvar tarixində elan edib.
Tenderdə yalnız bir şirkət, “Marneuli TV” iştirak edib və meriyaya
bu xidməti 99 800 lariyə həyata keçirmək təklif edib. Tender
təklifində Marneuli televiziyasının 2023-cü
il ərzində hansı
xidmətləri həyata keçirəcəyi yazılıb.
“Efirdə ictimaiyyət üçün mühüm məlumat daşıyan audio
vizual çıxışların gürcü və azərbaycan dilində yayımlanması. (Bir
ədədin müddəti ən az 30 saniyə) sifarişçinin tələbinə uyğun
olaraq;
Birbaşa efirlə, mer və ya onun müavinlərinin, yaxud Bələdiyyə
Məclisi sədrinin, onun müavinlərinin, qeyri-kommersiya hüquqi
şəxslərin rəhbərləri, xidmət, şöbə rəhbərlərinin hesabatları,
brifinqlər, (meriya və ya televiziyadan) onlayn və birbaşa
fəaliyyətlər, yeni il, dini bayramlar, idman, mədəniyyət
tədbirləri, teatr nümayişləri, konsertlər və ictimaiyyət üçün mühüm
olan digər yayımlar (sifariş verənin tələbinə uyğun olaraq) həyata
keçiriləcək.
Bələdiyyə Məclisi iclasları, tədbirlər, büro iclasları (razılaşma
ilə), hesabatların və ya mer, onun müavinlərinin iclasları,
hesabatların televiziya efirində gürcü və azərbaycan dilində
yerləşdirilməsi” – tender təklifində qeyd olunub.
Yerli özünüidarə televiziya xidmətinin alınması üçün tender
komissiyasınının iclas protokoluna əsasən, Marneuli televiziyasını
8 fevralda qalib elan edib. Tender komissiyasının iclas protokoluna
görə, indiki mərhələdə televiziya ilə müqavilənin hazırlanması
prosesi aparılır.
Marneuli meriyası ötən, 2022-ci ildə, oxşar tenderi 145 000 lariyə
elan etmişdi. 2021-ci ildə isə televiziya xidmətinin tender dəyəri
95 800 lari idi. Ötən il Marneuli meriyasının İnzibati Xidmət
rəhbəri Nino Dekanoidze “Marneuli” radiosuna bildirmişdi ki,
2022-ci il ərzində televiziya xidməti tenderi üçün vəsaitin
artırılmasına efir vaxtının artması səbəb olub. O, bildirmişdi ki,
2021-ci il ərzində meriyanın müqavilə ilə aldığı canlı yayım və
efir vaxtları kifayət edirdi. Əhalinin tam məlumatlandırılması üçün
isə efir vaxtı lazım idi. Bu isə tender dəyərinin artırılmasına
səbəb olub.
Qeyd edək ki, Marneuli meriyası televiziya xidməti üçün
2018-2020-ci illərdə mərhələli olaraq vəsaiti artırırdı. 2018-ci
ildə həmin məqsədlər üçün 72 000 lari, 2019-cu ildə 86 000 lari,
2020-ci ilə 125 640 lari dəyərində tender elan etmişdi.
Son illər ərzində Marneuli meriyası tərəfindən elan edilmiş
televiziya xidməti tenderlərində “Marneuli TV” rəqibsiz olaraq
qalib gəlirdi.