Qəbir daşlarının formasının dəyişməsində din, yoxsa adət-ənənə rol oynayır
Son illərdə qəbir daşları formasını və görkəmini dəyişib. Belə ki, illər öncə kiçik ölçülü məzar daşlarından istifadə edilirdi. Amma indi qəbiristanlıqlarda daha böyük qəbir daşları quraşdırılır. Biz, insanların zövqlərinin dəyişməsinin səbəbini və qəbir daşlarının dəyişdirilən forma və ölçülərinin dinlə, yoxsa adət-ənənə ilə bağlı olduğunu araşdırdıq.

Marneulidə fəaliyyət göstərən qəbir daşları düzəldən sexin rəhbəri daşların fərqli ölçülərdə,
formada və rəngdə düzəldildiyini bildirdi. Müxtəlif qiymətlərə – 700, 1000 və 2000 lariyə qəbir daşları düzəldilir. Qiymətlərin artımı daşların üzərinə vurulan naxışlardan deyil, formasından, böyüklüyündən və rəngli olmasından asılıdır. Rəngli daşlar 3000-3500 lari dəyərindədir.

“Ağ və qara daş arasında 1500 lari fərq var. Qara daş ağ daşa nisbətən bahalıdır. Qara daşın qiyməti 2500-5000 lari arasında dəyişir. Ağ daş isə 500, 600 və ya 700 lariyə satılır. Rəngli şəkilli daşların qoyulması 1 ildir ki, çıxıb. Rəngli daşları düzəldən zaman şəkil olduğu kimi çıxır. Heç bir fərqlilik olmur. Biz insanların istəkləri və tələblərinə əsasən düzəldirik”.



Məzar daşlarının forması və rəngindən əlavə insanlar sinə daşlarının hündür və ya alçaq olmasına da nəzər yetirirlər.

“Daha çox insanlar alçaqdan düzəldirlər. Alçaq sinə daşlarının qiyməti 1500 lari, hündür olanlar isə 2000 laridir. Əvvəllər sadə daşlara üstünlük verirdilər. Mərmər daşların qoyulmasına nadir hallarda rast gəlinirdi, indi əksəriyyət mərmər daşlar qoydurur. Gənc mərhumlara hündür sinə daşları düzəldirlər, ancaq yaşlılar üçün alçaq daşlara üstünlük verirlər. Gənclərə istəyirlər ki, daha təmtəraqlı düzəltsinlər. Mən 10 ildən artıqdır, bu işlə məşğul oluram, bu il ərzində qiymətlər qalxıb. Əvvəllər 200 lariyə düzəldilən daşlar indi 500 lariyə düzəldilir. Sinə daşları da eyni şəkildə, əvvəl 600-700 lariyə düzəldirdik, indi 1500 lariyə düzəldirik. Qiymətlərin qalxmasına səbəb rəssamların, sürücülərin və materialları gətirənlərin qiymətləri qaldırmasıdır".



İlahiyyatçı Kamran Məmmədov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, dəfn olunmuş şəxsin tanınması üçün qəbrinin baş hissəsinə daş qoyulması İslam tarixində qeyd olunub.

“Dini təhsil aldığımız zamanı da nəzərə alsaq, 15 ildən çoxdur, bu işlə məşğul oluram. Bəzi hədislərə əsasən cənazənin dəfn olunduğu yer torpaqdan 4 barmaq hündürdə olması müstəhəb və bəyənilmiş iş hesab olunur. Eyni zamanda dəfn olunmuş şəxsin tanınması üçün qəbrinin baş hissəsinə daş qoyulması İslam tarixində qeyd olunub. Ancaq bu gün bu məsələ başqa mədəniyyətlərdən təsirlənərək tamamilə fərqli hal alıb”.


İlahiyyatçı bildirir ki, İslamın bəzi hökmləri fərqli müsəlman cəmiyyətlərində onların adət-ənənəsinə görə formalaşıb və icra olunmasının şahidi olmaq mümkündür.

“İlk olaraq bunu qeyd edək ki, islamın bəzi hökmləri fərqli müsəlman cəmiyyətlərində onların adət-ənənəsinə görə formalaşıb və icra olunmasının şahidi olmaq mümkündür. Buna nümunə olaraq müsəlman qadınının hicab geyiminin müsəlman ölkələrində fərqlənməsi ola bilər. Qurana görə əsas olan, vacib buyurulan üzvlərin örtülməsidir, necə və hansı modeldə örtülməsi isə yerli adət-ənənəyə qayıdır. Qəbir daşlarının qoyulması da bu qanundan istisna deyil. Ölkənin mədəniyyət və adət-ənənəsi, eləcə də başqa mədəniyyətlərin təsiri açıq şəkildə görünür. Qafqaz ölkələrində qəbir daşlarının bir-birinə yaxın olması, Türkiyə, İran və başqa müsəlman ölkələrindən fərqlənməsi bunun göstəricisidir. Bizim cəmiyyətlə bağlı ümumi olaraq bunu demək olar ki, qəbir daşları və qəbrin hazırlanmasında israfçılıq çox olur”, – Kamran Məmmədov deyir.



O, qeyd edir ki, qəbir daşlarının sadə, yaxud təmtəraqlı olması məsələsi çox önəmlidir.

“Qəbir daşlarında şəklin olub-olmamasından çox onların sadə, yaxud təmtəraqlı olması məsələsi çox önəmlidir. Qədim dövrlərdə qəbir daşına şəkil vurulması ümumiyyətlə mövcud olmadığı üçün icazəli olub-olmaması haqda ayə və hədis mövcud deyil, çünki bu mövzu ümumiyyətlə müzakirə mövzusu olmayıb. Ancaq burada əsas məsələ onların sadə olmasıdır, çünki bunun əksi israfçılıq hesab olunur".

Kamran Məmmədov cəmiyyətdə qəbir daşlarının bahalı və təmtəraqlı olmasının mərhuma verilən dəyər və hörmət olaraq izah edildiyini vurğulayır.

“Bizim cəmiyyətdə adətən qəbir daşlarının bahalı və təmtəraqlı olmasını mərhuma verilən dəyər və hörmət olaraq izah edirlər. Ancaq bu iş əslində mərhum üçün edilmir, bir çox hallarda o daşı qoyduran yaxınları öz adlarını düşünürlər. Sadə daş qoydurduqları halda cəmiyyətin onlara necə baxacaqlarını düşünürlər. Ölmüş bir şəxsin qəbri qızıldan olsa belə, ona heç bir faydası yoxdur”.

Məmmədovun sözlərinə görə, islamda mərhuma hörmət əlaməti olaraq qəbir daşlarına xərclənən pulların hesabına bir çox ehtiyaclı insanların ehtiyacını qarşılayıb, mərhumun adına cəmiyyət üçün faydalı işlər görmək daha yaxşıdır.

O həmçinin qeyd edir ki, qəbir daşlarının sadə olması, bahalı və təmtəraqlı olmaması ilə bağlı məscidlərdə və insanlar arasında təbliğatlar hər zaman aparılır. Sadəcə olaraq cəmiyyətdə mövcud olan bir sıra yanlış düşüncələr, o cümlədən “el hara, biz də ora, kənardan baxanlar nə deyər” kimi düşüncələr insanları cəmiyyətdən fərqli addım atmağa qoymur. Bunun əsas qurbanlarından biri də maddi imkanı zəif olan insanlar olur, borc və kredit bahasına olsa belə, o da cəmiyyətdən geri qalmaq istəmir.



Print ელ. ფოსტა
FaceBook Twitter Google
«« დეკემბერი 2024 »»
252627282930 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 12345