Çin imperatorunun 121 arvadı olub. Onlardan kiminlə nə vaxt yatmaq riyazi yolla müəyyən edilib
Vaxtın ölçülməsindən dəniz
naviqasiyasınadək - riyaziyyat tarixən qədim sivilizasiyaların
inkişafında mühüm rol oynayıb.
Qərb sivilizasiyasında riyaziyyatın tarixi Qədim Misir,
Mesopotamiya və Qədim Yunanıstandan başlayır. Lakin bu dövlətlərin
süqutundan sonra Qərbdə riyaziyyat bir neçə yüzillik ərzində
inkişafdan qaldı.
Bu dövrdə Şərqdə riyaziyyatın inkişafı yeni zirvələrə qalxdı.
Qədim Çində 9000 km uzunluğu olan Böyük Çin səddinin
layihələşdirilməsində və inşasında riyaziyyat əsas alət rolunu
oynayıb.
Çin imperatorunun saray əhlinin həyatı rəqəm və riyazi ədədlərlə
müəyyən edilirdi.
Riyaziyyat və planlaşdırılma
İmperatorun planları və qərarları təqvimə və planetlərin hərəkətinə
uyğun qurulurdu. Riyazi modellər imperatorun gününün və hətta
gecəsinin necə keçəcəyini müəyyən edirdi.
İmperatorun vəzirləri, misal üçün, imperator hərəmxanısandakı
qadınlardan heç birinin diqqətsiz qalmaması üçün müəyyən riyazi
distur icad etmişdilər.
İmperatorun gecələrinin cədvəli həndəsi silsilə əsasında
qurulmuşdu. Əfsanəyə görə, imperator 121 qadından ibarət
hərəmxanasının hər bir üzvü ilə 15 gecədən ibarət dövr ərzində
yatmalı idi.
İmperatorun 121 qadını bunlar idi: imperatriça, üç böyük arvadı,
doqquz digər arvadı, 27 məşuqəsi və 81 kənizi.
Qadınların hər bir növbəti qrupu əvvəlki qrupdan sayca üç dəfə çox
idi. Birinci gecə imperatriçanın idi.
Sonrakı gecəni imperator üç böyük qadını ilə keçirməli idi.
Üçüncü gecə qalan doqquz arvad üçün idi.
Daha sonrakı üç gecəni imperator 27 məşuqəsi ilə keçirməli idi -
hər gecə onun yanına 9 məşuqəsi gəlirdi.
Qalan gecələri isə imperator kənizlərilə keçirirdi - hər gecə onun
yanına yenə də doqquz kəniz gəlirdi.
Bu cür "cədvəl" imperatorun, hərəmxanasının "yüksək ranqlı"
qadınları ilə gecəni ayın bədirlənməsi dövründə keçirməsini təmin
etməli idi.
Nəticədə, Çin fəlsəfəsində qadın gücünün "in" adlanan pik dövrü və
imperatorun "yan" kişi gücünə uyğun gəlməli di.
İmperatorun vəzirləri belə cədvəl tutmaqla ilk növbədə imperatorun
layiqli varislərinin, daha dəqiq deyilsə, mümkün varislərdən ən
yaxşısının dünyaya gəlməsini təmin etməyə çalışırdılar.
Digər dövlət işləri də riyaziyyat əsasında aparılırdı.
Riyaziyyata maraq
Çində 10 rəqəmi əsasında qurulan hesablama sistemi Qərblə
müqayisədə 1000 il əvvəl istifadə olunmağa başlanıb.
Əfsanəyə görə, riyaziyyat Çinin əfsanəvi Huanq Di və ya Sarı
İmperatorun hökmü ilə eramızdan 2800 il əvvəl ilahi qüvvələr
tərəfindən yaradılıb.
O dövrdə çinlilər rəqəmlərin kosmosdan Yerə göndərildiyinə
inanırdılar.
Rəqəmlərin sehrli gücünə Çində bu gün də inanırlar.
Tək ədədlər kişi mənşəli, cüt ədədlər isə qadın mənşəli
sayılır.
4 rəqəmindən Çində hamı kənar durmağa çalışırsa, 8 rəqəmi, əksinə,
Çində xoşbəxtlik gətirən rəqəm sayılır.
Eramızın VI əsrində Çində irəli sürülmüş ədəd qalıqlarına dair
riyazi teorem astronomiyada istifadə olunub, planetlərin hərəkət
trayektoriyasının hesablanmasına tətbiq edilib.
Həmin nəzəriyyədən indiyədək istifadə olunur, misal üçün, internet
şəbəkələrində məlumatların kodlaşdılrılması üçün.
Məqalənin müəllifi - Marcus du Sautoy, Oxford Universitetinin
riyaziyyat professoru və BBC-nin "Riyaziyyat tarixi " adlı
proqramının aparıcısı.