Nyu York Ştatında nadir iltihab sindromundan 3 uşaq vəfat edib. Bu
sindromu yeni koronavirusla əlaqələndirirlər. “Reuters”-in
bildirdiyinə görə, bu barədə ştatın qubernatoru Endryu Kuomo bəyan
edib.
Əlamətləri Kavasaki xəstəliyi və toksik şok əlamətləri ilə oxşar
olan sindrom səbəbindən ilk uşağın vəfat etməsi cümə günü məlum
olub.
Kuomo vəfat edənlərin yaşı və ümumi vəziyyəti haqqında danışmayıb,
amma qeyd edib ki, sindrom uşaqlar üçün yeni riskdir.
Kuomonun bildirdiyinə görə, Nyu York Ştatının Səhiyyə
Departamentinin əməkdaşları Covid-19-a yoluxan 73 uşağın
vəziyyətini araşdırırlar. Bu uşaqlarda da həmçinin, bu sindroma
bənzər simptomlar var. Kuomonun sözlərinə görə, sindromun
simptomları arasında qan damarlarının iltihabı da vardır ki, bu da
ürək problemlərinə yol aça bilir. O
qeyd edib ki, vəziyyəti
araşdırılan uşaqlarda Covid-19 və ya ona qarşı antitellər müşahidə
olunur, “amma hospital sisteminə daxil olan zaman onlarda bu
simptomlar yox idi.”
Kuomonun bildirdiyinə görə, “tamamilə mümkündür ki, bütün bunlar
bir neçə həftə ərzində baş verəydi və diaqnoz qoyan zaman
Covid-19-la əlaqə təsbit olunmayaydı.”
Bununla yanaşı, Kuomonun sözlərinə görə, ABŞ-ın Xəstəliklərə
Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) Nyu-Yorkun Səhiyyə
Departamentindən xahiş edib ki, sindromun aşkara çıxarılma-müalicə
təlimatını tərtib etsinlər.
“Reuters”-in verdiyi məlumata görə, sindromun əlamətləri toksik şok
və Kavasaki xəstəliklərinin əlamətlərinə – hərarətin olması,
səpkilər, boğazda iltihabın yaranması, vəziyyət ağırlaşdığı
hallarda ürək arteriyalarının iltihabına bənzəyir. Nəşriyyatın
bildirdiyinə görə, alimlər hələ ki, sindromun yeni koronavirusla
mümkün əlaqəsini araşdırırlar, çünki sindrom təsdiqlənən uşaqların
hamısında virusun testinin nəticəsi müsbət olmayıb.
Uşaqlarda Covid-19-un Kavasaki və toksik şokla mümkün bağlantısının
olması məlumatı Böyük Britaniyada bir neçə gün əvvəl yayılıb. Buna
baxmayaraq, alimlərin hələ də dəqiq cavabı yoxdur ki, bu sindroma
səbəb olan Covid-19-dur, yoxsa onlarda Covid-19-a yoluxana qədər bu
xəstəlik qeydə alınırdı, ya yox.
Mənbə:
Netgazeti