Növbədənkənar iclasda "zövq mübahisəsi" və yekdilliklə qəbul edilən məsələ
Bu gün, 3 dekabr tarixində Marneuli Bələdiyyə Məclisinin növbədənkənar iclası keçirildi. İclasda müzakirə olunması üçün gündəliyə bir məsələ çıxarılmışdı ki, bu da yeni il dekorasiyası ilə bağlı idi.
Marneuli bələdiyyəsinin 2018-ci il büdcəsinin “Mədəni tədbirlərin keçirilməsi” bəndindən Mədəniyyət Mərkəzinin subsidiyalarına 31 600 lari keçirilib.

Bələdiyyə Məclisinin iclasında Marneuli meriyasının Maliyyə-Büdcə Xidmətinin rəhbəri Vüqar Məmmədov bildirdi ki, qeyd
olunan dəyişiklik vaxt məhdudiyyətinə görə oldu.

“Biz küçələrin bəzənməsinə başlamaq üçün tender elan etsək, faktiki olaraq vaxt məhdudiyyətinə görə çatdıra bilmərik”, - Vüqar Məmmədov deyib.

Tenderin elan olunması və işlərin alınması prosesi vaxt tələb etdiyinə görə, Marneuli meriyası qərara alıb ki, yeni il hazırlıqları üçün vəsait Mədəniyyət Mərkəzinə verilsin və hazırlıq işləri daha tez başlasın.

Bələdiyyə Məclisinin iclasında “Avropalı Gürcüstan” partiyasının üzvü Əhməd İmamquliyev də öz fikrini bildirib. Onun dediyinə görə, meriyanın çox pul xərcləməsinə baxmayaraq, ötən il yeni ildə Marneuli işıqlarla çox pis bəzənmişdi.

“İşıqlar var idi, lakin çox çirkin görünürdü, keyfiyyətsiz idi və yalnız meriyanın qabağında düzəldilmişdi” – Əhməd İmamquliyev Bələdiyyə Məclisinin iclasında dedi.

Deputatın sözlərinə Marneuli Bələdiyyə məclisinin sədr müavini Mamuka Naveriani münasibət bildirib. O, İmamquliyevə bildirib ki, onun yeni il işıqları ilə səsləndirdiyi fikirlər onun öz zövqündən irəli gəlir.

“Keçən ilki tədbirlərə gəldikdə, bu şəxsən sizin zövqünüzdür və heç kim sizin zövqünüzlə barışmağa məcbur deyil. Bizim üçün bu sadəcə sənin fikrindir” - Mamuka Naveriani Əhməd İmamquliyevə bildirib.

“Avropalı Gürcüstan”ın üzvü Naveriani və Bələdiyyə Məclisinə təklif edib ki, vahid forma yaradılsın və həmin formada şəhərin necə işıqlandırılacağı və nə qədər xərclənəcəyi qeyd olunsun və Bələdiyyə Məclisinin üzvləri də nəyə dəstək verdiklərini bilsinlər.

Marneuli merinin müavini Laşa Lobjanidze İmamquliyevə bildirib ki, yenə də zövq məsələsinə qayıdırlar.

“Qar dənəcikləri olacaq, yoxsa yağışlar, o zaman sizə təklif etmişdik. Yağışlar istəyirsiniz, yoxsa qar dənəcikləri?” – merin müavini Bələdiyyə Məclisinin üzvünə deyib.

Bələdiyyə Məclisinin iclası 10 dəqiqə davam edib ki, buradan da təxminən 5 dəqiqəsi “zövq mübahisəsi”nə sərf olunub. Yekunda məsələni Bələdiyyə Məclisinin bütün üzvləri dəstəkləyib.

რადიო „მარნეული“
Print Email
FaceBook Twitter Google