Gürcüstan hökuməti Marneuli və Bolnisi bələdiyyələrində sərt
karantin rejiminin elan edilməsi ilə bağlı 23 mart 2020-ci il
tarixli 180 saylı sərəncamına dəyişiklik edib.
Sərəncamda yalnız başlıqda dəyişiklik edilib. Sərəncamın əvvəlki
başlığı belə idi – “yeni koronavirusun yayılmasının qarşısının
alınması məqsədi ilə Marneuli və Bolnisi bələdiyyələrində tətbiq
olunacaq karantin tədbirləri haqqında”. İndi isə sərəncamın başlığı
belədir –
“yeni koronavisurun yayılmasının qarşısının alınması
məqsədi ilə Bolnisi bələdiyyəsində tətbiq olunacaq karantin
tədbirləri haqqında”.
Sərəncama dəyişiklik edilməsinin səbəblərindən biri 18 may
tarixindən Marneuli bələdiyyəsinin açılmasıdır. Bazar ertəsindən
Marneulililər adi rejimdə Gürcüstan miqyasında hərəkət edə
biləcəklər. Bolnisi isə yenə bağlı olacaq, çünki koronavirusun
yayılması bələdiyyədə hələ də davam edir.
Gürcüstan hökumətinin sərəncama dəyişiklik etməsi Bolnisililərin
bir qismində sual yaradıb. Xüsusən sərəncamın Bolnisidə maşınla
hərəkət etməyin qadağan olunması hissəsi suala səbəb olub.
Bolnisi sakini Mariko Tsikoridze “Marneuli” radiosu ilə söhbətində
qeyd edir ki, Bolnisi sakinlərinin bir qismi bələdiyyədə yeni
məhdudiyyətlərin tətbiq olunduğunu düşünüb.
“Bolnisililərin bir qismi düşündü ki, söhbət yeni
məhdudiyyətlərdən gedir. Bu sərəncam dünən yeni yayımlanıb və ondan
sonra çox sayda adam paylaşım edir və düşünürlər ki, bu yeni
qadağalardır. Bu sərəncamın mətnində köhnə olması və sadəcə
başlıqda dəyişiklik edilməsi barədə açıqlama yoxdur”,
– Mariko Tsikoridze bildirib.
Tsikoridzenin bildirdiyinə görə, Gürcüstan hakimiyyəti əhaliyə
söhbətin hansı növ məhdudiyyətlərdən getdiyi barədə açıqlama
verməli idi və eyni zamanda sərəncamın məzmunu azərbaycan və erməni
dillərində də yayımlanmalı idi. Çünki Bolnisi bələdiyyəsi etnik
azlıqların məskunlaşdığı yerdir.
“Hökumətin bu dəyişikliklə bağlı açıqlaması olmadı və
bu da ictimaiyyətdə təşviş yaratdı. Vətəndaşların və ya biznes
sektorunun çox sayda problemi var. Layihələr alınmır, işlər baş
tutmur. Elə hiss yaranır ki, sanki bu heç vaxt bitməyəcək.
Düşünürəm ki, Gürcüstan hökumətinin vətəndaşlar qanuna tabe
olmayanda daha çox xoşuna gəlir, sonra başqa çalışma üslubuna
keçirlər. Bütün Bolnisi ayağa qalxıb Marneulidəki kimi səs-küy
salsa, yəqin hökumət sonra hansısa tədbir görəcək”, –
Mariko Tsikoridze deyir.
Gürcüstan hökuməti Marneuli və Bolnisinin bağlanmasına və sərt
karantin rejiminə keçməsinə Marneulili qadında virus aşkarlandıqdan
sonra qərar verdi. Bələdiyyələr 22 mart tarixindən bağlanıb.
Marneuli bələdiyyəsinin açılması ilə bağlı qərarı Gürcüstan
hökuməti bələdiyyədə aparılan geniş miqyaslı testlərin cavabının
mənfi olmasından sonra verib.