“Abxaziya müharibəsinin qəhrəmanı doğma şəhərində tanınacaqmı?”
17:20 / 27.02.2024
Marneulili Yanvar (Ənvər) Hümbətov Abxaziya müharibəsində döyüşüb.
1993-cü il 4 iyun tarixində hərbi tapşırığı uğurla başa vurduqdan
sonra, geri qayıdan zaman pusquya düşür, yoldaşlarını ölümdən xilas
edir, özü isə həlak olur.
Ancaq Marneulidə Gürcüstan uğrunda həlak olmuş qəhrəmanlar
memorialında onun adına rast gəlmirik.
Teimuraz Qelaşvili, Qia Romelaşvili, Yuri Nadiradze, Eldar
Mantaşaşvili, Davit Parciani, Zaza Boçoidze, Qiorqi Tatuaşvili,
Roman Zoidze və Mamuka Şubitidze – bu Gürcüstanın ərazi bütövlüyü
uğrunda həlak olmuş qəhrəmanlar memorialında yer alan Marneulili
qəhrəmanların adlarıdır. Onlar Abxaziya və Tsxinvali/Cənubi Osetiya
müharibəsində həlak olublar.
Bu memorialda 90-cı illərdə və ya 2008-ci il müharibəsində
Gürcüstan uğrunda vuruşan heç bir etnik azərbaycanlının adı
yoxdur.
Ənvər Hümbətovun ailəsi meriyadan Gürcüstanın ərazi bütövlüyü
uğrunda həlak olmuş əsgərin adına abidənin açılmasını və ya heç
olmasa, xatirə abidəsinin üzərinə onun adının yazılmasını xahiş
edib, lakin iki ildir ki, Marneuli meriyasında onların xahişini
cavabsız qoyurlar.
Niyə Marneulidə Ənvər
Hümbətovun adına küçə/abidə/memorial
olmalıdır?
Marneulili mülki fəal Samirə Bayramova illərdir, etnik azlıqların
hüquqlarının müdafiəsi məsələləri üzərində işləyir. Onun sözlərinə
görə, dövlətin regionda yaşayan etnik azərbaycanlıların özlərini
Gürcüstanın tamhüquqlu vətəndaşı hiss etməsinin qayğısına
qalmalıdır.
O, iki il əvvəl 1600-ə yaxın yerli sakinin imzası ilə Marneuli
meriyasına Hümbətovun adına küçə olması, onun abidəsinin
ucaldılması və adının Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak
olmuş qəhrəmanlar abidəsinə yazılması ilə bağlı müraciətlə etsə də,
nəticəsi olmayıb.
Ənvər Hümbətov
kimdir?
Yanvar (Ənvər) Hümbətov 1950-ci il 1 yanvar tarixində Marneuli
bələdiyyəsinin Algeti kəndində anadan olub. Ailəsi Rustaviyə köçüb.
Ənvər isə məktəbi Rustavidəki 12 saylı məktəbdə bitirib. O, Rustavi
Metallurgiya Zavodunda işləyib, eyni zamanda Gürcüstan Politexnik
Universitetinin Rustavi filialının metallurgiya fakültəsində təhsil
alıb.
Təhsilini başa vuran Hümbətov Polşada yerləşən Sovet Ordusunun Hava
Hücumundan Müdafiə bölməsində hərbi xidmətini başa vurub, oradan
leytenant rütbəsi ilə Gürcüstana qayıdıb.
1994-cü il 30 dekabr tarixində Gürcüstan Prezidentinin sərəncamı
ilə döyüş meydanında göstərdiyi şücaət və fədakarlığa görə Ənvər
Hümbətov III dərəcəli Vaxtanq Qorqasali ordeni ilə təltif edilib.
Onun adı Tbilisidə Qəhrəmanlar Meydanında, Gürcüstanın ərazi
bütövlüyü uğrunda həlak olmuş qəhrəmanların xatirəsinə ucaldılmış
abidənin üzərində yazılıb, lakin Hümbətovun adı doğulduğu
Marneulidəki qəhrəmanlar abidəsində yoxdur. Ancaq Rustavidə onun
xatirə memorialına rast gələ bilərsiniz.
“Samirə Bayramova yerli özünüidarənin Yanvar Hümbətova bu
münasibətini yerli əhaliyə, Abxaziya müharibəsinə və onun
qəhrəmanlarına qarşı hörmətsizlik hesab edir.
Vaqif
Bayramov
Abxaziya müharibəsində daha bir Marneulili, Vaqif Bayramov vuruşub.
O, müharibədən sağ qayıdıb və 2006-cı ildə, 44 yaşında dünyasını
dəyişib. Onun övladı Nübar Bayramova bildirir ki, atası müharibə
başlayanda ehtiyatda idi, amma o, özü müharibə meydanında vuruşmağa
qərar verib.
Atası vəfat edəndə Nübar onuncu sinifdə oxuyurmuş, ancaq uşaqlıqda
onunla Gürcüstandan, onun tarixindən, vətənpərvərliyindən
danışdığını hələ də xatırlayır:
“Atam ömrünün sonuna kimi hərbçi olub, Marneulidə
orduda işləyirdi, Gürcüstan tarixindən dərs deyib. Bəlkə də ona
görədir ki, onda belə böyük vətənpərvərlik hissi yaranıb və
bizləri, uşaqları belə tərbiyə edib. Həmişə deyirdi ki, biz
vətənimiz üçün mübarizə aparmalıyıq, etnik mənsubiyyətimizin fərqi
yoxdur. Xatırlayıram ki, əmimuşaqları atama deyirdilər – sən
torpağa görə, sənin olmayan torpaqlara görə az qala öləcəkdin –
atam həmişə buna qəzəblənirdi. Deyirdi ki, biz burada doğulmuşuq,
böyümüşük və bu torpaq da bizimdir, ölsək, bizi burada dəfn
edəcəklər, ona görə çox hirslənirdi. Müharibədən sonra medal aldı,
bizə kimsə gələndə də həmişə bu medalı götürüb, fəxrlə
danışırdı”, – Nübar bildirir.
Nübar Vaqif Bayramovun ölümündən sonra, bu il ailənin dövlətdən hər
hansı yardım ala biləcəyini öyrənmək qərarına gəlib. Bayramovun 4
azyaşlı uşağı qalıb və Nübar dövlətdən bir qədər kömək almaq istəsə
də, o, özü və ailəsinin dövlət yardımını ala bilməyəcəyini
öyrənib.
Nübar da hesab edir ki, Marneulidə atasının adına küçə olmalıdır,
yerli sakinlər öz həmyerlilərinin Gürcüstan uğrunda döyüşüb,
fədakarlıq etdiklərini bilməlidirlər.
“Bir küçəyə ad vermək çox asandır, illərdir bu küçələr
rus adları daşıyırdı, əgər küçələrdən birinə Vaqif Bayramovun adı
verilsə, nə olar?” – Nubar deyir – “Təəssüf ki, pandemiyadan sonra
etnik azərbaycanlı icması bir qədər kənarda qaldı. Köhnə “bu
ölkədən gedin” deyimləri yenidən başladı və azərbaycanlılar “biz
Gürcüstanın bir hissəsi deyilik” deyirdilər. Ona görə də bu ölkə
üçün nə isə etmiş insanların dəyərini bilmək lazımdır. Bununla həm
özümün, həm də 150-dən çox ailədən ibarət olan qohumlarımın
qiymətləndirildiyini hiss edərəm. Başa düşürsünüz ki, biz nə qədər
razı qalacağıq və yaşadığımız, nə isə etmək istədiyimiz ölkəyə
sevgimiz nə qədər artacaq".
Aydındır ki, Gürcüstanda yaşayan etnik azlıq nümayəndələri 1990-cı
illərdə və 2008-ci ildə ölkə uğrunda döyüşüblər, baxmayaraq ki,
bunu yalnız “Gürcüstanın Döyüşçülər İttifaqı”-nın “Facebook”
səhifəsində dərc olunan paylaşımlar təsdiq edir.
Marneuli meriyasında bizə dedilər ki, silahlı münaqişələr zamanı
Gürcüstan ordusunda neçə nəfərin döyüşdüyünü bilmirlər.
“Düzünü desəm, başa düşmürəm ki, insan müharibədə həlak
olan minlərlə insanın adını necə xatırlamalıdır, amma müharibənin
özü və 90-cı illər haqqında daha çox araşdırma aparmaq, əhaliyə
daha çox məlumat vermək lazımdır. Siyasi və hərbi prosesin özü elə
qiymətləndirilməlidir ki, ictimaiyyət bu barədə məlumatlı
olsun”, – tarixçi Davit Cişkarani bildirir –
“Gürcüstan reallığında siyasi elita əhalinin
Abxaziyadakı müharibə haqqında məlumatlı olması ilə
maraqlanmır”.
Müdafiə Nazirliyinin Veteranların İşləri üzrə Dövlət Xidmətindən
bildirdilər ki, onlar veteranları etnik mənsubiyyətinə görə
ayırmırlar – “Gürcüstan uğrunda döyüşənlərin hamısı
bizim üçün eynidir” – amma fakt budur ki, Ənvər
Hümbətovun adı Marneuli Qəhrəmanlarının Memorialında bu günə qədər
yazılmayıb.
Marneuli meri Yanvar Hümbətovun məsələsi ilə bağlı “Marneuli”
radiosuna müsahibə vermir. Bir neçə həftədir ki, meriyanın
İctimaiyyətlə Əlaqələr Şöbəsindən mer ilə müsahibənin lentə
alınmasını xahiş etsək də, indiyədək ondan müsahibə ala
bilməmişik.
Rəsmi məktuba cavab olaraq Marneuli meriyası bizə məlumat verdi ki,
Algeti kəndində küçələrin adlandırılması prosesində küçələrdən
birinə Yanvar Hümbətovun adının verilməsi müzakirə olunacaq.
Meriya, həmçinin, yazılı şəkildə bildirir ki, Gürcüstanın
müstəqilliyi uğrunda həlak olanların Marneuli şəhərində yerləşən
memorialında yalnız Marneuli hərbi komissarlığından hərbi xidmətə
çağırılanların ad və soyadları yazılıb. Meriya araşdırmalar
əsasında müəyyən edib ki, Yanvar Hümbətov hərbi xidmətə Marneuli
Hərbi Komissarlığından çağırılmayıb - “Yanvar Hümbətov
Rustavi şəhərində yaşayıb işləyirdi. Müvafiq olaraq, yaşayış yerinə
uyğun, Rustavi Hərbi Komissarlığında hərbi qeydiyyatda olmalı
idi”, – buna görə də onun adı Marneuli memorialında
yer almayıb.