Marneulidə Yeni il yolkasının işıqlandırılması tədbiri üçün 65 578 lari xərclənməsi planlaşdırılır
Marneuli yerli özünüidarəsi 2024-cü ilin gəlişi ilə əlaqədar yeni il tədbiri üçün hazırlıqlara başlayıb. Marneuli meriyası 3 noyabr tarixində Yeni il yolkasının işıqlandırılması tədbirinin təşkil edilməsi xidməti üçün tender elan edib.

Meriyanın elan etdiyi tenderin smeta sənədlərinə görə, tədbirdə Şaxta Baba koması, şirniyyat evi, konsert üçün səhnə, Santa Klausun xizəyi və s. quraşdırılacaq.

Tender sənədlərində Marneulidə
yeni il yolkasının işıqlandırılması zamanı hansı tədbirlərin olacağı müəyyən edilib.

Tbilisi Uşaq Kapellası 20 dəqiqəlik repertuarla tamaşaçı qarşısına çıxacaq və yeni il mövzusunda bəstələr ifa edəcək. Tədbirdə animatorlar və “Şapito” sirk tamaşası iştirak edəcək. Tender sənədlərində yolkanın işıqlandırılması tədbirində konkret olaraq ifa edəcək şəxslərin ad və soyadları qeyd olunmayıb. Ancaq müğənnilərin hansı təcrübəyə malik olması ilə bağlı məlumat qoyulub.

“40-45 yaşlarında xanım, səhnədə ən az 15 illik ifa təcrübəsi olmalıdır. Ən az 15 albom buraxmış olmalı, Gürcüstanın musiqili radiolarından birinin təsisçisi, televiziya musiqili layihəsinin müəllifi, hansısa televiziya şoularından birinin aparıcısı olmalıdır. Bəy - Gürcüstanın musiqili radio aparıcısı, hansısa teatrın aktyoru olmalıdır. Bir neçə film və serialda iştirak etmək təcrübəsi olsun, televiziya musiqili layihəsinin qalibi, gürcü və xarici mahnılarının ifaçısı olmalıdır. Qrup – 4 kişidən ibarət, səhnədə ən az 20 illik mahnı oxumaq təcrübəsi olmalıdır. Özlərinin müəllif mahnılarını, eləcə də gürcü və xarici mahnılar ifa etməlidirlər. Onların repertuarı ən az 40 dəqiqə davam etməlidir”, - tenderin smeta sənədlərində qeyd olunub.

Tender sənədlərinə görə, yolkanın işıqlandırılması mərasimində 2 metr uzunluğu və 1,5 metr eni olan “Möhtəşəm Qozinaği” hazırlanacaq. Tədbirdə eləcə də müxtəlif formalı yeni il peçenyeləri, qlintveyn və qaynar şokolad olacaq.

Marneuli yerli özünüidarəsi 2024-cü ilin gəlişi ilə əlaqədar Yeni il yolkasının işıqlandırılması bayram tədbirinin təşkil edilməsi üçün 65 578 lari dəyərində tender elan edib.

Tender təklifinə görə, yolkanın işıqlandırılması tədbiri dekabrın ikinci yarısında baş tutacaq.

Print Email
FaceBook Twitter Google