Gürcüstan hökuməti Şərq-Qərb avtomagistralının tikintisini 2024-cü ilin sonunadək başa çatdırmaq niyyətindədir
Gürcüstanın 2023-cü il dövlət büdcəsində yol və digər infrastruktur layihələrinin həyata keçirilməsi üçün 3 milyard lari (1,08 milyard ABŞ dolları) vəsait nəzərdə tutulub.

Bu barədə Gürcüstanın infrastruktur və regional inkişaf naziri İrakli Karseladze parlamentdə gələn ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı məlumat verib.

Bildirilir ki, beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi gələn ildə də prioritet olacaq.
Bu məqsədlə gələn ilin dövlət büdcəsində 1 milyard lari (0,36 milyard dollar) nəzərdə tutulub.

İrakli Karseladze deyib ki, hökumət Şərq-Qərb beynəlxalq avtomobil magistralının ölkə ərazisindən keçən bütün hissələrinin tikintisinin 2024-cü ilin sonunadək başa çatdırmaq niyyətindədir.

Hökumət bunun üçün bütün lazımi tədbirləri görəcək.

Hazırda 118 kilometr avtomobil yolunun tikintisi davam etdirilir.

Qeyd edək ki, 2022-ci ilin dövlət büdcəsində yol tikintisi üçün 1,9 milyard lari nəzərdə tutulub.

E-60 tranzit dəhlizi böyüklüyünə görə Avropada ikinci ən böyük magistraldır. Magistral yol Fransadan başlayır və Qırğızıstanda başa çatır. Gürcüstan üçün bu yol Azərbaycan sərhədindən Qara dəniz sahilindəki Poti limanına kimidir. Gürcüstan ərazisində yolun uzunluğu 392 kilometr təşkil edir.

Mənbə: azertac.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google