Gürcüstan Süd Federasiyası süd məhsullarının etiketləşdirilməsini tələb edir
Tsinstkaro kənd sakini Zeinab Abuladze süd məhsullarının istehsalına evdə bir inəklə başlayıb. 2017-ci ildə “Mersi Corps” beynəlxalq təşkilatının köməyi və İsveçrənin İnkişaf və Əməkdaşlıq Agentliyinin qrantı ilə ailə fəaliyyətini biznesə çevirib. Kənddə müəssisə tikib və orada yaşayan 12 ailənin əsas gəlir mənbəyinə çevrilib. “Tsintskaro+” MMC-də süd məhsullarını yalnız çiy süddən hazırlayırlar.

“Gürcüstan Süd Federasiyası” 30-a yaxın
çiy süd istehsal edən müəssisəni özündə birləşdirir. Həmin süd istehsal edən müəssisələrin məhsuluna “gürcü süd nişanı” vurulub. Kvemo Kartlidə belə müəssisələrdən biri “Tsintskaro+”-dur. Zeinab Abuladzenin sözlərinə görə, qeydiyyatdan keçirilmiş müəssisələr böyük problem qarşısındadırlar. Onların əsas rəqibləri etiketsiz, şübhəli tərkibə malik olan məhsullar satan istehsalçılardırlar. O, etiketli məhsul satanların xərcinin daha çox olduğunu və bu halda məhsulun qiymətinin də artdığını qeyd edir.


“Gürcüstan Süd Federasiyası vaxtında “etiket tələb et” kampaniyasına başladı. Kampaniya çərçivəsində müştəri sadəcə məhsulun tərkibi, onun mənşəyi və istifadə müddəti haqqında məlumatlı olmalıdır. Qeydiyyatdan keçirilməmiş qurumlara nəzarət olunsun, etiketsiz məhsul istehsal edən şəxslər isə cərimələnsin. Elə hallar olub ki, bizim tərəfimizdən bəyənilməyən südü qeydiyyatdan keçməmiş müəssisə götürüb. Onlar üçün südün keyfiyyəti əsas deyil”, – Zeinab Abuladze deyir.

Gürcüstan Süd Federasiyasının nümayəndəsi Keti Ekizaşvili bildirir ki, südün keyfiyyəti əsas problem olaraq qalmaqdadır. Lisenziyalı müəssisə keyfiyyətsiz südü götürmür, amma əksər hallarda lisenziyası olmayan qurumlar onu qəbul edir. Müvafiq olaraq, fermerlərin keyfiyyətli süd istehsal etmək üçün motivasiyası ölür, müştəri isə nəticə olaraq təhülkəli qida əldə etmiş olur.

“Milli Qida Agentliyi ilə də görüşdük, problemləri bildirdik. Amma bazarlar yenə də indiyə kimi olduğu səviyyədə qalır”,
– Keti Ekizaşvili bildirdi.

Gürcüstan Süd Federasiyasının açıqlamasına görə, əgər Kənd Təsərrüfatı Nazirliyi və Milli Qida Agentliyi etiketsiz süd məhsullarına nəzarəti ciddiləşdirməsə, Federasiyada birləşmiş süd istehsal edən müəssisələrə, 27 000 min fermerə təhlükə yaranacaq. Həmin fermerlərin əksəriyyəti üçün süd istehsalı yeganə gəlir mənbəyidir.

Federasiya məlumatlandırma kampaniyası elan edir. Burada müştəriyə onun hüquqları və etiketsiz süd məhsullarından istifadənin təhlükələri barədə məlumat veriləcək.

“Biz belə plan üzərində işləyirik - bazar girişlərində “etiket tələb et” kimi loqolar yerləşdirək. Bu halda müştəri onun hüquqlarının pozulmaması ehtiyacını başa düşsün və bütün süd məhsullarında etiket tələb etsinlər”.

Marneulidə qeyri-müəyyən süd məhsulu istehsalçılarına çox rast gələ bilərsiniz. Bazar ərazisində kustar qaydada düzəldilmiş çox sayda piştaxta var. Burada əsasən pendir, kəsmik və qatıq satılır. Burada süd məhsullarını yalnız vizual olaraq yoxlayırlar. Ancaq alıcılar kifayət qədər çoxdur. Piştaxtaların ətrafında antisanitariya hökm sürür. Süd məhsullarının temperatur rejiminə riayət olunmur.

Satıcıların əksəriyyəti etiketləşdirmə haqqında heç nə eşitməyib. Bəzisi düşünür ki, kəndlinin məhsuluna etiket vurulmasını tələb etmək qeyri-realdır. Bu yalnız məhsulun qiymətinin artmasına səbəb olacaq və kəndlinin onsuz da az olan gəlirini azaldacaq.

“Bura Marneulidir, etiket nə gəzir. Bəzisi evdən 10 kilo pendir gətirir, ona kim etiket vuracaq? Zavod pendirinə görə sənədlə möhürümüz var. Qalanını etiket olmadan satırıq, kəndli etiketi haradan alsın. Həm də bu etiket baha başa gəlir, orada qablaşdırma lazımdır, bu isə məhsulun qiymətini artıracaq”, – özünüməşğul kişi deyir.

“Bu pendiri özümüz dağda hazırlayırıq. Etiketi yoxdur. Şəxsi malımızdır, bunun nə etiketi olacaq. Bizim maldır və özümüz hazırlayırıq, etiket lazım olduğunu bilmirik. Gətiririk, halal malımızdır, satırıq”, – illərdir, bazarda pendir satmaqla məşğul olan qadın bildirdi.

“Nə etiketi, kimə düzəltdirim? Gündəlik bazara da gəlmirəm, nəyimə lazımdır? Baxın, təmiz düzəldirəm və çörək pulumu qazanıram”, - daha bir özünüməşğul şəxs bildirdi.

“Milli Qida Agentliyi” əhaliyə məhsulun yararlılığını müəyyən etməkdə kömək edəcək hansı əlavə ölçülər götürüləcəyini izah etmir.

Qurumdan bildirdiklərinə görə, onlar yalnız aqrar bazarlarda süd məhsullarını yoxlamaq öhdəliyi daşıyırlar və agentlik küçə ticarətçilərinə nəzarət etmir.

Yerli özünüidarənin küçə ticarətçilərinə nəzarət etmək öhdəliyi var. Marneuli meriyası özünüməşğulları bazar ərazsindən dəfələrlə çıxarmağa cəhd göstərib. Ancaq maksimum bir həftəyə adi vəziyyət geri qayıdır. Marneuli meriyasının Nəzarət Xidməti küçə ticarətini qadağan etmək üçün yeni tədbirlər həyata keçirməyi planlaşdırır. Bələdiyyənin Nəzarət Şöbəsinin rəhbəri Tural İsmayılovun bildirdiyinə görə, onların xidməti yerində antisanitariya hallarına görə cərimə yaza biləcək. Ancaq ona qədər məlumatlandırma kampaniyası aparacaqlar.

Demək olar ki, meriya tərəfindən atılan addım yalnız küçə ticarətini həll edə bilər, ancaq etiket məsələsi yenə də problem olaraq qalır. Gürcüstan Süd Assosiasiyası öz gücü ilə məlumatlandırma kampaniyaları aparmaqla problemin həllini planlaşdırır. Onlar ümid edirlər ki, Milli Qida Agentliyi bu işdə onlara kömək edəcək və nəzarət mexanizmlərini ciddiləşdirəcəklər.

Print ელ. ფოსტა
FaceBook Twitter Google