Rustaveli prospekti ilə Mtatsminda parkını birləşdirən kanat
yolunun tikintisi və bərpası işlərinin bu ilin yayında başa
çatdırılması planlaşdırılır.
Məlumatı Tbilisi meriyası yayıb.
Yerli özünüidarədən verilən məlumata görə, mer Kaxa Kaladze deputat
İrakli Bendeliani ilə birlikdə bu gün ərazidə görülən işlərlə tanış
olub. Xatırladaq ki, kanat yolu layihəsinin icrasına 2022-ci ilin
sentyabrında başlanılıb. Bu mərhələdə kanat yolunda
dirəklərin
quraşdırılması və yuxarı stansiyanın tikintisi başa çatdırılıb.
Aşağı stansiya platformasının düzülməsi və dam örtüyü işləri davam
etdirilir, yaxın vaxtlarda elektrik quraşdırma işlərinə və kəndirin
dartılması prosesinə başlanacaqdır.
“Çox gözəl layihə həyata keçirilir. Bu, Rustaveli metro
stansiyasının ətrafını Mtatsminda ilə birləşdirəcək yeni kanat
yoludur. İşlər yayın sonuna kimi başa çatdırılmalıdır. Dayaqların
beşi də quraşdırılıb. Növbəti bir neçə gün ərzində iplər
quraşdırılacaq. Bundan başqa, qəbul məntəqələrində də təmir işləri
eyni zamanda davam etdirilir. Həm turizm baxımından, həm də yerli
sakinlər üçün çox yaxşıdır, çünki Rustavelidən kanat yolu ilə
Mtatsmindaya 4 dəqiqəyə qalxmaq mümkün olacaq. Saatda təxminən 1200
sərnişin hərəkət edə biləcək. Mən çox şadam ki, bu tarixi layihə
şəhərimizdə bərpa olunub”, - deyə Kaxa Kaladze
bildirib.
Layihəyə əsasən, Rustaveli prospekti ilə Mtatsminda parkını
birləşdirən kanat yolunda 21 vaqon hərəkət edəcək, orta yolda
sürəti 4,07 dəqiqə, marşrutun uzunluğu isə 845,55 m təşkil
edəcək.
Layihənin ümumi dəyəri 50 milyon laridir. Bərpadan sonra kanat yolu
idarə olunmaq üçün “Mtatsminda Park”a təhvil veriləcək. Kanat
yolunun bərpa və tikinti işlərini “Daqi” MMC, mühəndis-texnoloji
işləri isə “Doppelmayer” şirkəti həyata keçirir.