“Sarvan” Folklor Ansamblı İstanbulda keçirilən 24-cü Türk Dünyası Uşaq Festivalında iştirak ediblər
Marneulidə fəaliyyət göstərən “Sarvan” Folklor Ansamblının üzvləri Türkiyənin İstanbul şəhərində keçirilən 24-cü Türk Dünyası Uşaq Festivalında iştirak ediblər. Ansamblın rəhbəri Cəmilə Səttarqızı “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, onlar öz mədəniyyətini və adət ənənələrini qoruyub saxlamaq üçün bu yola çıxıblar.

“Biz bu tədbirə “Sarvan” Folklor Ansamblı olaraq qatıldıq. Biz hal-hazırda “Azərbaycan Evi”nin nəzdində fəaliyyət göstəririk. Biz
18 ilə yaxındır ki, fəaliyyət göstəririk. Borçalı türkləri olaraq, çətin şərtlər altında öz mədəniyyətimizi təmsil edirik. Mədəniyyətimizi qoruyub saxlamaq üçün bu yola çıxmışıq. 18 il ərzində yüzlərlə tələbə yetişdirmişəm. Hər birinə öz mədəniyyətimizi öyrətmişik. Təkcə rəqs mədəniyyətimizi deyil, aşıq yaradıcılığını da təbliğ etmişik. Tariximizdən bəhs etmişik. Eyni zamanda milli rəqslərimizin tarixçəsini də öyrətmişik. Bununla yanaşı gürcü rəqslərini də öyrətmişik. Ancaq bizim ana xəttimiz öz milli rəqslərimizi qoruyub saxlamaq və inkişaf etdirmək və gənc nəslə ötürməkdir. Biz ölkədaxili və xarici festivallarda çox iştirak etmişik. Çox nailiyyətlər qazanmışıq. Dövlət tədbirlərində və milli bayramlarda iştirak etmişik. Eyni zamanda Gürcüstan Mədəniyyət Nazirliyi tərəfindən keçirilən tədbirlərdə milli dəyərlərimizi təbliğ etmişik. Ən çoxu Türkiyədə keçirilən festivallarda təmsil olunmuşuq. Gürcüstan bayrağı altında Borçalı türklərini, azərbaycanlıları təmsil etmişik”.

Festivalda Cəmilə Səttarqızının rəhbərliyi altında iştirak edən “Sarvan” Folklor Ansamblı Azərbaycan milli musiqilərini və Borçalıya aid olan Tərəkəmə rəqsini ifa ediblər. Onun sözlərinə görə, Tərəkəmə rəqsi iştirakçılar tərəfindən coşquyla qarşılanıb. Sonra Türk Dünyasının dörd bir yanından gəlmiş 250-dən çox uşaq öz ölkələrinin mədəniyyətini, incəsənətini və milli musiqisini ifa edib tanıdıblar.

“Böyük bir festival idi. Festivalın əsas məqsədi dünya Türklərinin, yəni 300 milyonluq Türk dünyasının bir araya gəlməsi idi. Biz də öz növbəmizdə, Gürcüstanda yaşayan türklər olaraq öz mədəniyyətimizi nümayiş etdirdik. Biz orada bizə məxsus olan adət-ənənəmizlə çıxış etdik. Biz əsas orada özümüzə məxsus olan Tərəkəmə rəqsini nümayiş etdirdik. Həmin festivala Türk dünyasından 21 ölkə qatılmışdı və Gürcüstandan təkcə biz, Marneulidə fəaliyyət göstərən “Sarvan” Folklor Ansamblı qatılmışdı. Orada öz mədəniyyətimizi və xalqımızı təmsil etdik. Artıq Türk dünyasının içində bizim də imzamız oldu. İlk dəfədir ki, biz özümüzün və sahib olduğumuz milli kimliyimizlə festivalda iştirak etdik. Borçalı türkləri və ya Gürcüstan türkləri olaraq imzamızı atdıq. Festivalda iştirak edənlərin bizim haqqımızda heç bir təsəvvürləri yox idi. Amma mən onlara bir-bir hamısına izah edərək, özümüz haqda, mədəniyyətimiz haqda məlumat verdim. Onlarda çox sevindi ki, həqiqətən Gürcüstanda belə bir toplum var və öz mədəniyyətini, adət ənənələrini qoruyub saxlayır”.

Ansamblın rəhbərinin sözlərinə görə, bəzi xarici festivallara qatılan zaman çətinliklərlə qarşılaşırlar. Onun deyir ki, bununla bağlı aidiyyəti orqanlara müraciət etsələr də, onlara dəstək olmurlar.

“Sonda mənim bir iradım var. Onu da bildirim. Bizim heyəti bir həftə ərzində Türkiyədə təmənnasız qarşıladılar. Amma sadəcə Gürcüstandan Türkiyəyə getməyə xərclərimizi bizim özümüz qarşıladıq. Tələbələrimin bəziləri aztəminatlı ailələr idi. Bununla bağlı aidiyyəti orqanlara və deputatlarımıza müraciət etdik. Təəssüflər olsun ki, bizə dəstək olan olmadı. Mən burada öz cibim üçün çalışmamışam. Millətimin adını ucaltmaq üçün çalışıram. Amma təəssüflər olsun ki, bizə dəstək olmadılar. Bu günə qədər öz gücümüzə ayaqda durmağa çalışmışıq”.

Qeyd edək ki, festival 31 may 7 iyun tarixlərində Türkiyənin İstanbul şəhərində keçirildi. Festival Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqraba İcmaları baş idarəsinin (YTB) və Türk Dünyası Araşdırmaları Fondunun təşəbbüsü və təşkilatçılığı ilə baş tutub. Tədbirə Türkiyə və Gürcüstanla yanaşı Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Başqırdıstan, Qaqauziya, Krım, Yakutiya, Tatarıstan, Tuva, Bolqarıstan, Kabarda-Balkar, İraq, Axıska və şərqi Türküstandan 250-dən çox uşaq iştirakçı qatılıb.

Festivalda Türk Dünyası Araşdırmaları Fondunun rəhbəri Gözhan Yazqan, İstanbul şəhər Gənclər və idman idarəsinin rəhbəri Muhittin Özbay, İstanbul Milli Təhsil şöbəsinin rəhbəri Dr. Mücahit Yentürk, İstanbul Valisinin müavini Məhmət Sülün, Samsun Millət vəkili və MHP sədrinin müavini Prof. Dr. İlyas Topsakal və Moldovaya bağlı Qaqauziya Muxtar Respublikasının Mədəniyyət naziri Marina Semyonova və başqaları çıxış ediblər. Daha sonra isə festivalda iştirak edən qrup rəhbərlərini İstanbul şəhər valisi (qubernator) Davut Gül qəbul edib. Onlara festivalda iştirakı üçün təşəkkür edib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google