Gürcüstan xarici siyasətdə iki əsas prioritetə sadiqdir; bu, Avropa
İttifaqı və NATO-ya üzvlükdür.
Bunu ölkənin xarici işlər naziri İlya Darçiaşvili deyib.
Qeyd edək ki, ölkənin müxalifətçilərinin tənqid etdiyi, Rusiyanın
xarici agentlər haqqında qanunu ilə müqayisə etdiyi "Xarici təsirin
şəffaflığı haqqında" Qanun qəbul edildikdən sonra Avropa İttifaqı
(Aİ) rəsmiləri Gürcüstanın Aİ-yə daxil olmasına şübhə etməyə
başlayıblar.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.