Marneuli merinin rəsmi səhifəsində rus qanunu haqqında paylaşım edilib
Marneuli meri Kənan Ömərov Gürcüstan Parlamentində üçüncü oxunuşda qəbul edilmiş rus qanunundan sonra rəsmi səhifəsində paylaşım edib. O, paylaşımda yazır ki, qanun gürcü qanunudur və Gürcüstanın Avropa İttifaqına layiqli şəkildə daxil olmasına xidmət göstərir. 


“Yadda saxlamalıyıq ki, Gürcüstan öz qədim tarixi və yaxın keçmişi ilə Avropanın bir hissəsidir. Şəffaflıq demokratik və Avropa dəyərlərindən kənara çıxmaq hesab
oluna bilməz. Gürcü qanunu, bizim ölkənin suverenliyinə, Gürcüstanın Avropa İttifaqına layiqincə daxil olmasına xidmət göstərir.
Məhz, Avropa daha çox şəffaflıqdır”!
– Kənan Ömərovun səhifəsində yazılıb.

Kvemo Kartlinin mülki fəalları tərəfindən merin bu paylaşımına tənqidi reaksiyalar göstərilib. Özünüidarə əməkdaşları isə Ömərovun paylaşımını fəal şəkildə paylaşırlar.

Gürcüstan Parlamenti agentlər haqqında qanunu 13 may tarixində qəbul edib. Kvemo Kartli deputatları da qanunu dəstəkləyiblər. Dəstəkçilər siyahısında Marneuli və Qardabani seçki dairəsindən seçilmiş majoritar deputat Zaur Darğallı və deputat Savalan Mirzəyev də var.

Qanunun qəbul edilməsi ilə paralel olaraq Gürcüstan Parlamenti qarşısında etiraz aksiyaları da dayanmır. Avropa Parlamentinin üzvləri də qanunun qəbul edilməsi ilə razılaşmırlar və qeyd edirlər ki, bu qanun Gürcüstanı Avropaya inteqrasiyadan uzaqlaşdırır.

“Gepra” konsultasiya şirkətinin baş tərəfdaşı Kaxa Mağadze feysbukda paylaşım edib və qanunun şəffaflıqla heç bir əlaqəsinin olmadığını təsdiq edən 3 arqument yazıb.

Arqument 1: Bu qanun şəffaflıq və çirkli pulun dayandırılması üçün deyil. Çünki şəffaflıq mexanizmləri onsuz da var və şəffaflıq öz-özlüyündə çirkli pulu dayandırmır. Həm də dövlətin çirkli pula nəzarət etmək və dayandırmaq üçün başqa mexanizmləri də var. Burada qeyd edim ki, qanuna ehtiyac yaranmasının heç bir əsası olmayıb. Hansısa statistika, yaxud əsas araşdırma olmayıb ki, xarici təsirin şəffaflığı qanununun mütləq olduğunu sübut etsin. Bu qanun media və vətəndaş sektoruna nəzarət, daha doğrusu onlara təzyiq vasitəsindən başqa bir şey deyil. Həm yad qüvvə maraqlarının daşıyıcısı adlandırırsan, ləkə vurursan, həm də nə zaman istəsən yoxlayacaqsan – belə qanundur. Vətəndaş cəmiyyətinə təzyiq isə diktaturaya doğru atılmış böyük addımdır. Bu isə dövlətə qarşı bir hərəkətdir.

Arqument 2: Qanun layihəsinin mətnini, onun rus, yaxud amerikalı olmasını kənara qoyaq, burada böyük problem odur ki, bu bizim strateji tərəfdaşalrımızla münasibətimiz, qərbə inteqrasiya prosesinə necə təsir göstərəcək. Avropa Parlamentinin qətnaməsinə, senatorların məktubuna və bu kimi sənədlərə diqqət yetirməyək (Gürcü Arzusunun dediyi kimi, bütün bunların heç bir qüvvəsi yoxdur), bəs icraçı hakimiyyətin, Xarici İşlər nazirlərinin, baş nazirlərin və ya kanslerlərin sözlərini nə edək? Həm də, yalnız bir dəfə deyib, sonra bizim hakimiyyətin arqumentlərini qəbul etməyiblər ki? Bir neçə dəfə, müxtəlif tribunalardan, müxtəlif formada təkrar etdilər. Dedilər ki, bu qanunun qəbul edilməsi bizi qərbə inteqrasiyamızı dayandıracaq və bizə strateji tərəfdaşlarla problemlər yaradacaq. Bu isə bizim milli maraqlarımıza ziyan vurmayacaq, onu məhv edəcək. Yalnız, milli maraq deyəndə milli ənənələri və gürcü kişilərini qorumağı düşünməyin. Belə termin var, bilmirsinizsə, araşdırın.

Arqument 3: Bu sadəcə diktatura qanunu, yaxud qərbə qarşı yönəlmiş məsələ olsa idi, yenə mübahisə etmək olardı. Yəni, ideyada, buraya kimi yazdıqlarımın hamısına görə, mübahisə edə bilərdik. Ola bilsin, böyük siyasi oyundan, yaxud real suverenliyin nümayişindən və müstəqil oyun oynanılmasından danışasan. Ola bilsin, çoxsaylı oxşar arqument (axmaq, amma yenə də arqument) gətirəsən, amma ictimaiyyətdə qarşıdurma yaranmasına belə güclə dəstək olursansa, polisə küçədə xalqı döydürürsənsə, gəncləri belə təhqir edir, fiziki şiddət göstərirsənsə, burada artıq heç nə demək olmaz. Bu cinayəti heç nə ilə ölçmək olmaz və Gürcü Arzusunun liderləri bu məsuliyyətdən heç yerə qaça bilməzlər. Öz xalqına, öz gənclərinə qarşı belə hərəkət etməməlisən. Bu güclə sevdiyimiz polisə bizi yenidən nifrət etdirdilər. Hərbçilərə olan etibarımızı itirdilər və artıq onlardan qorxuruq. Bu meymun şəffaflıq qanunu bizə bunu gətirdi. Ailə üzvlərini və dostları bir-birinə qarşı qoydu. Xalqı və polisi bir-birinə düşmən etdi.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər