Marneuli məktəblərində şahmat üzrə hazırlanacaq pedaqoqlar seçilib.
Gürcüstan Elm və Təhsil nazirinin qərarına görə, 2022-2023-cü
tədris ilindən birinci sinif şagirdləri vacib fənn kimi şahmat
öyrənəcəklər. Hazırlanmış pedaqoqlar birinci sinif şagirdlərinə
şahmatın başlanğıc pilləsini öyrədəcəklər. Təşəbbüs bütün Gürcüstan
miqyasında nəzərdə tutulub. Marneuli Təhsil Resurs Mərkəzinin
rəhbəri səlahiyyətlərini icra edən Əli Qəhrəmanov bildirdi ki,
onlar artıq hazırlığa başlayıblar. Bələdiyyənin təhsil
müəssisələrində uşaqlara şahmat öyrədəcək müəllimlərin siyahısı
artıq Nazirliyə təqdim olunub. Şahmatları isə məktəblər öz
büdcələri ilə alacaqlar.
“Məktəblərdən şahmat oyunu bilən müəllimlərin siyahısını istədik.
Sonra direktorlar siyahıları verdilər, artıq göndərmişik. Təlimlər
güman ki, avqustda olacaq və nə qədər davam edəcəyi hələ məlum
deyil”, – Qəhrəmanov bildirdi.
Şahmat üzrə mütəxəssis Davit Xizanişvilinin mövqeyi Nazirlikdən
fərqlidir. O, düşünür ki, idmanın bu növü məktəblərdə məcburi
olmamalıdır. Səbəb kimi isə illərin uğursuz təcrübəsini qeyd
edir.
“Müəllimlər onlara verilən proqramı asan mənimsəyirlər. Əsasən,
əvvəl şahmata getmiş və elementar səviyyədə şahmatı bilən
pedaqoqlar seçilib. Düşünürəm ki, müəllimlər bacaracaqlar, ancaq
məktəbdə şahmat məcburi olmamalıdır. Bir neçə il əvvəl də
məktəblərdə belə hal oldu və tez zamanda dərsi götürdülər. Çünki
özünü doğrultmadı. 25-30 uşağı səfərbər etmək çətindir, bəzisi
maraqlanır, bəzisi yox”, – Xizanişvili bildirdi.
Elm və Təhsil nazirinin fikrincə “şahmatın məcburi tədrisi
şagirdlərdə gələcəkdə həyati problemləri həll etmək bacarığı
verəcək”. 15 sentyabra qədər məktəblər şahmat dərslərinin
keçirilməsi üçün müvafiq inventarla təchiz edilməlidir. İctimai
məktəblərə lazım olan nümayiş lövhələri almaq üçün dövlət
büdcəsindən 700 min lari ayrılıb.