11 ildə rus dilində ümumi qabiliyyət imtahanı vermək istəyənlərin sayı 58%-dən 1%-ə qədər azalıb
Məlumat Azadlığının İnkişafı İnstitutunun (İDFİ) yayımladığı təhsil sektoru ilə bağlı araşdırmaya əsasən, Gürcüstan miqyasında etnik azlıq nümayəndəsi olan tələbələrin sayı 2010-cu ildən 2018-ci ilə qədər 5 dəfə artıb. Araşdırma etnik azlıqların və sosial baxımdan həssas qrupların problemlərini müəyyən edir.

“2010-cu ildən etnik azlıq nümayəndələrinin Gürcüstanda sadələşdirilmiş qaydada ali təhsil almaq imkanı var. Sadələşdirilmiş sistem, “1+4” proqramı ümumi qabiliyyət imtahanının erməni, azərbaycan, abxaz, osetin dillərində verilməsini və müvafiq bal topladıqda ali təhsil almaq imkanını nəzərdə tutur”.

Təhsil sektoru ilə bağlı araşdırmaya görə, ali təhsil müəssisəsinə qəbul olmuş etnik azlıq nümayəndəsi olan tələbələrin sayı 9 il ərzində illik orta hesabla 22% artırdı.

“Əgər vahid milli imtahanların göstəricilərinə nəzər yetirsək, görərik ki, 2021-ci ildə qeydiyyatdan keçmiş 38 415 abituriyentdən 2 665 qeyri-gürcüdilli ümumi qabiliyyət imtahanına qeydiyyatdan keçib. Bu isə abituriyentlərin 7% təşkil edir.

2010-cu ildə vahid milli imtahanlarda 253 nəfər ermənidilli abituriyent ümumi qabiliyyət imtahanına qeydiyyatdan keçib. Bu etnik azlıq nümayəndəsi olan abituriyentlərin 18%-dir. Qeyd olunan göstərici 2021-ci ildə 21%-ə qədər artıb. Çünki imtahana 565 ermənidilli abituriyent qeydiyyatdan keçib. Azərbaycandilli ümumi qabiliyyət imtahanına 2010-cu ildə 335 abituriyent qeydiyyatdan keçib. Bu abituriyentlərin 24% təşkil edib. 2021-ci ildə isə onların sayı 2076 nəfərə qədər artıb. Bu etnik azlıq nümayəndəsi olan abituriyentlərin 78% təşkil edib. Statistika göstərir ki, rusdilli abituriyentlərin sayı illər ərzində hiss olunacaq dərəcədə azalıb. Həmin dövrdə rusdilli ümumi qabiliyyət imtahanı vermək istəyənlərin sayı 58%-dən 1%-ə qədər azalıb.

Qeyd edək ki, Marneuli miqyasında ümumilikdə 6 rusdilli məktəb fəaliyyət göstərir. Bunlardan 2 məktəb tam rusdillidir, dördündə isə gürcü və rus bölməsi fəaliyyət göstərir.

“Rusdilli məktəblərdə şagirdlərin sayının azalması qeydə alınır. Marneulidə ümumilikdə 6 rusdilli məktəb var. Onlardan 3 şəhərdə, 3 isə kəndlərdədir. 2 və 6 saylı məktəblər şəhərdədir və həmin məktəblərdə gürcü dili bölməsi də var. Gürcü siniflərinə rus sinifləri ilə müqayisədə həqiqətən çox şagird qeydiyyatdan keçib. 4 saylı məktəb tam rusdillidir və orada say faktiki olaraq dəyişmir, hər il iki sinif qəbul edirlər. Kənd məktəblərində həqiqətən rusdilli şagirdlərin sayında azalma qeydə alınır. Həmin məktəblər Şulaveri 2 saylı, Opreti və Şaumyani məktəbləridir” – Marneuli Təhsil Resurs Mərkəzinin nümayəndəsi İrma Davadze bildirdi.

Marneuli Təhsil Resurs Mərkəzinin nümayəndəsinin sözlərinə görə, Qullar və Algeti ictimai məktəblərində də rus bölmələri var idi, ancaq həmin məktəblərdə birinci sinfə qeydiyyatdan keçməyiblər. Buna görə də bölmə bağlanıb.

Print E-mail
FaceBook Twitter Google