Marneuli merinin kəndində toplantı baş tutub
Marneuli meri Kənan Ömərovun kəndində ümumi kənd toplantısı baş tutub. Sabirkənddə küçə işıqlarının qurulması və suvarma suyu borusunun bərpası dəstəklənib.

Kənd toplantısı məktəb ərazisində baş tutub. Ötən il həmin kənddə toplantı baş tutmamışdı. Çünki iclasda leqitimlik üçün müəyyən edilmiş sayda adam iştirak etməmişdi.

Bu il kifayət qədər aktivlik var idi və müəllimlərin böyük qismi imza atıb. Məktəb direktoru “Marneuli” radiosuna bildirib ki, təhsil prosesinin gedişatında maneəçilik yaranmayıb.

Marneulidə kəndə dəstək proqramının həyata keçirilməsinə 12 fevral tarixindən başlanılıb.

Prioritetlərin seçilməsi məqsədi ilə əhali ilə görüşlər 26 fevrala qədər keçiriləcək.

Kəndə dəstək proqramı üçün 2024-cü ildə Gürcüstanın Regionlarda Həyata Keçiriləcək Layihələr Fondundan 1 232 000 lari ayrılıb. Kəndlərə vəsait əhalinin syaına görə bölünüb. Hər kəndə ən az 10 000 lari, ən çox isə 20 000 lari nəzərdə tutulub.

Print E-mail
FaceBook Twitter Google