Avropa İttifaqının Gürcüstandakı səfiri Marneulidə qonaq olub
Bu gün, 15 fevral tarixində Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Helçinski Marneuliyə səfər edib. Səfər çərçivəsində yerli hakimiyyət nümayəndələri, gənclər və mülki fəallarla görüş baş tutub.

Səfirin bizimlə söhbəti zamanı bildirdiyinə görə, onun üçün Marneuliyə qonaq gəlmək çox xoşdur. O, bildirir ki, Avropa İttifaqı inkluzivlik, bərabərlik və rəngarəngliyi dəstəkləyir.

“Həqiqətən də xoşbəxtəm ki, sizinlə Marneulidə söhbət edə bilirəm. Bu mənim üçün Gürcüstanın daha bir rayonuna mühüm səfərimdir. Öz çoxmillətliliyi və rənagrəngliyi ilə tanınan bir regiondur. Məni yerli hakimiyyət qarşıladı. Şəhər meri və Marneuli Bələdiyyə Məclisinin sədri ilə görüşdüm. Bizim “Qırmızı Körpü” təşkilatı ilə görüşümüz oldu. Bu, yerli gənclər üçün mühüm təşkilatdır, fərqli təcrübələri var, birlikdə işləyirlər ki, fərqli icmalar arasında körpü yaratsınlar”, — Avropa İttifaqının Gürcüstandakı səfiri bildirdi.

Pavel Helçinski Gürcüstanda yaxınlaşan seçkilərdən də danışdı. O, müsahibəsində bildirdi ki, Gürcüstanda seçki kampaniyasının və ümumiyyətlə seçkilərin şəffaf, ədalətli keçiriləcəyinə ümid edir.

“Avropa İttifaqı olaraq biz heç kimi dəstəkləmirik. Biz xüsusilə hansısa siyasi qüvvəni dəstəkləmirik. Bizim həqiqətən də qayğısına qaldığımız azad və ədalətli seçkilərdir. Eləcə də azad və ədalətli seçki prosesi. Bu 9 bəndlik tövsiyə üçün ikinci addımdır ki, Gürcüstan ötən ilin dekabrında qəbul edib. Mən ümid edirəm ki, Gürcüstanda seçki kampaniyası ali beynəlxalq standartlarla keçiriləcək”.

Səfərin sonunda səfir Helçinski Samşvilde kəndində “Orbi yuvası” sosial müəssisəsinə gedib. Bu Avropa İttifaqı tərəfindən dəstəklənən layihədir ki, davamlı turizm, yerli gücləndirmə nümunəsidir. Müəssisə istifadəçilərə turizm xidmətlərinin geniş spektrini təklif edir və yalnız regionun mədəni irsinin tanıdılmasına deyil, həm də öz fəaliyyətində yerli qadınların iştirakı vasitəsi ilə inklüzivliyə də dəstək olur.

Print E-mail
FaceBook Twitter Google