3 gündür ki, Xixanidə ictimai nəqliyyat işləmir.
Kənd Marneulidən 32 kilometr məsafədə yerləşir, altı ildir ki,
əhaliyə bir bələdiyyə nəqliyyatı həftədə dörd dəfə xidmət
göstərir.
Ancaq yerli sakinlər deyirlər ki, nəqliyyat vasitəsi tez-tez
sıradan çıxır və hərəkət etməkdə çətinlik çəkirlər.
Nazi Kaxadze üç gündür ki, peşə məktəbinə gedə bilmir, gürcü dili
və ədəbiyyatı müəllimi Lela İnaşvili kənddən Tbilisiyə qayıtmaqda
çətinlik çəkir.
“Xixanidə həmişə nəqliyyat problemi var. Bir gün əvvəl
vaxtı olan taksi ilə razılaşmalısan. Kimisə tapa bilməsək, gedə
bilmirik. Taksi buradan Marneuliyə getməyə 40 lari istəyir. Dörd
gündür, ümumiyyətlə nəqliyyat işləmir, ona qədər isə günaşırı
işləyirdi. Çox vaxt sıradan çıxır, köhnə
mikroavtobusdur”, - Nazi Kaxadze bildirir.
“Bu gün Marneulidə mühazirədə iştirak edə bilmədim,
dünən də getməmişdim. Meriyaya ümumi ərizə vermişik. Uşaqlar da
diqqətsiz qalırlar, harasa getmək üçün nəqliyyat yoxdur, rəqsə,
futbola gedə bilmirlər. Əgər taksi tapsaq, gedirik, tapmasaq, heç
bir imkan yoxdur”, - Madona Qabaidze bildirir.
“Tbilisiyə qayıda bilmirəm, kimisə tapmalıyıq və ya
kimsə gedirsə, bizi də aparır. Burada nəqliyyat problemi həmişə
olub. Bir neçə gündür, heç işləmir”, - Lela İnaşvili
bildirir.
Bələdiyyə Avtoparkının rəhbəri Qiqa Calağonia “Marneuli” radiosuna
bildirdi ki, Xixani əhalisinə xidmət göstərən nəqliyyat vasitəsi
sıradan çıxıb və təmirə ehtiyac yaranıb. İctimai nəqliyyat
sabahdan, 17 fevraldan fəaliyyətini bərpa edəcək.
“Mikroavtobus sıradan çıxıb, bərpa olundu və 17 fevral
tarixindən xəttə buraxılacaq. Həftədə 4 dəfə işləyir. 3 gün
Tserakvidə müəllimlərə xidmət göstərir. Tbilisidən müəllimləri
Tserakviyə aparırıq. Dağlıq zonadır, imkan daxilində kömək edirik.
Xixaniyə gedəndə gündə üç reys edir”.
Marneuli bələdiyyəsində ümumilikdə iki nəqliyyat şirkəti - “Express
turist” MMC və “Avtopark” xidmət göstərir. “Express turist” özəl
şirkətdir, “Avtopark” isə bələdiyyənin balansındadır.