Dmanisidə sahibsiz heyvanlar siyasətinin yaradılması üçün ictimai məsləhətləşmə baş tutub
Dmanisi bələdiyyəsində sahibsiz heyvanlar məsələsi ilə bağlı ictimai məsləhətləşmə baş tutub. Məqsəd ictimaiyyətin iştirakı ilə sahibsiz heyvanların idarəolunma siyasəti üçün tövsiyələrin hazırlanması idi. İctimai məsləhətləşmə baş tutana qədər bələdiyyədə araşdırma aparılıb.

Araşdırma əsasında aydın olub ki, sahibsiz heyvanlar problemi vətəndaş sektorunu, eləcə də yerli özünüidarə nümayəndələrini narahat edir. “Vətəndaş Cəmiyyəti İnstitutunun” nümayəndəsi Natia Apxazava “Marneuli” radiosu ilə söhbəti zamanı bildirib ki, ictimai məsləhətləşmə USAİD-in yerli özünüidarə proqramı çərçivəsində baş tutub.

“İctimai məsləhətləşmənin məqsədi bələdiyyənin sahibsiz itlərə, pişiklərə qulluq göstərilməsi, onlar üçün şəraitin yaxşılaşdırılması baxımından nə edə biləcəyi barədə tövsiyələr almaqdır. Burada alınan tövsiyələr bələdiyyədə təqdim olunacaq ki, Bələdiyyə Məclisi, meriya səviyyəsində nə edilə bilər. Eləcə də büdcə resurslarının ayrılması məqsədilə nə etmək mümkündür və ümid edirəm ki, başqa bələdiyyələr də bu təcrübədən yararlanacaqlar. Çünki hər hansı bələdiyyəyə getsəniz ilk beş problem arasında biri mütləq bu olacaq”, – Natia Apxazava bildirib.

İctimai məsləhətləşmədə Dmanisi əhalisi və yerli özünüidarə nümayəndələri, eləcə də Tetritskaro və Tbilisi meriya nümayəndələri, mövzu ilə əlaqədar ekspertlər iştirak ediblər. Maraqlanan şəxslər məsləhətləşmədə iştirak etmək üçün əvvəlcədə qeydiyyatdan keçə bilərdilər.

Görüş vətəndaş iştirakının innovativ vasitələri ilə baş tutub. Həmin vasitələr məlumatlandırılmanı, tövsiyələr üzərində işləməyi və səsvermə fazalarını əhatə edir. Tbilisi Heyvanların Monitorinqi Agentliyi “Mayhew Georgia” və Tetritskaro Gənclər Mərkəzinin nümayəndələri vətəndaşlarla sahibsiz heyvanların idarə olunması və müsbət təcrübələr haqqında söhbət aparıblar. 

Dmanisi Bələdiyyə Məclisinin sədri Paata Kuliaşvili “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, özünüidarə sahibsiz heyvanlar məsələsi üzərində uzun zamandır işləməyə başlayıb.

“Biz yerli büdcə layihəsini müzakirə edirdik, ictimai müzakirəmiz oldu və əhali ilə görüşdük. Əhali tərəfindən bu problemlə bağlı çox suallar verildi. Məhz o zaman araşdırmanı, əhali ilə görüşlər keçirəcəyimizə və ekspertlərlə məsləhətləşmələr aparacağımıza daha dəqiq qərar verdik. Biz öz imkanlarımız daxilində birinci mərhələdə bu problemin həlli üçün zəruri olan minimum proqramı həyata keçirməyə tam hazır olduğumuzu bildiririk”, – Paata Kuliaşvili bildirib.

“Mayhew Georgia”-nın (heyvanların idarə olunması sahəsində Britaniya xeyriyyə təşkilatı) baş baytar həkimi Ana Metsxvarişvili sahibsiz heyvanlar üçün siyasətin yaradılmasını və yerli özünüidarəetmə orqanları tərəfindən xidmətlərin həyata keçirilməsini müsbət qiymətləndirir. Onun sözlərinə görə, son illər ərzində Gürcüstanın müxtəlif regionları əhali arasında sahibsiz heyvanlar haqqında məlumatlılığın artırılması məqsədilə fəal şəkildə məlumat kampaniyalarına başlayıb.

Yerli sakin, incəsənət müəllimi və Dmanisinin “İdarəetməyə qoşul” klubunun üzvü Veriko Qotsiridze Dmanisidə sahibsiz heyvanlar mövzusunda fəaliyyətə başlamağı müsbət qiymətləndirir və bildirir ki, gənclərin sahibsiz itlərlə necə rəftar edəcəyi haqqında məktəbdən məlumat alması mühümdür.

“Əhalidə, eləcə də uşaqlarda məlumatlandırma səviyyəsini artırmaq çox mühümdür. Çünki sonradan bu itlərin qayğısına qalacaq nəsil həmin uşaqlardır. Məhz buna görə, hesab edirəm ki, məktəblərdə daha çox görüşlər keçirilməlidir və dəvət olunmuş ekspertlər uşaqlarla söhbət aparmalıdırlar”, – Veriko Qotsiridze bildirdi.

Görüşdə Dmanisi bələdiyyəsinin sahibsiz heyvanların idarə olunması siyasətinin əsasını təşkil edəcək 31 tövsiyədən 3 prioritet tövsiyə səsvermə yolu ilə müəyyən edilib.

Həmin prioritetlər bunlardır:
  • Sahibsiz itlərin kastrasiya və sterilizasiyası;
  • İctimaiyyətin məlumatlandırılma kampaniyası;
  • Bələdiyyə tərəfindən sahibsiz heyvanlar strategiyası və büdcə proqramının hazırlanması.
“İdarəetməyə qoşul” klubunun üzvləri Dmanisdə fəaliyyətini davam etdirir və yerli özünüidarəetmə orqanları ilə birlikdə müəyyən edilmiş prioritet məsələləri təbliğ etməyə çalışacaqlar.

Tədbir Dmanisi Bələdiyyəsinin, Vətəndaş Cəmiyyəti İnstitutunun (CSI), Dmanisinin ”İdarəetməyə qoşul” klubunun təşəbbüsü, USAID-in Yerli Özünüidarə Proqramının dəstəyi ilə həyata keçirilir.

Print E-mail
FaceBook Twitter Google