Azərbaycan Ordusunun əsgəri Laçında azaraq itkin düşüb – Azərbaycan MN
Azərbaycan Ordusunun əsgəri Laçında azaraq itkin düşüb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. "Marneuli" radiosu "Report"a istinadən xəbər verir ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

Qeyd olunub ki, hərbi qulluqçunun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir.

"Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək", – Nazirliyin məlumatında deyilir.

"Turan" informasiya agentliyi isə yazır ki, Azərbaycan əsgəri Laçınla sərhəddə ermənilər tərəfindən saxlanılıb.

"Ermənistan mənbələri səhər saatlarında iki Azərbaycan hərbiçisinin Tex kəndi bölgəsində Ermənistan ərazisinə keçdiyini bildirib. Onlardan biri saxlanılıb, digəri isə qaçıb. Əsir Gorusa aparılıb", – agentlik yazır.

"Report" Azərbaycan Müdafiə Nazidliyinin daha bir məlumatını dərc edib. Yazıda qeyd olunub ki, Ermənistanın dezinformasiya maşını fəaliyyətini davam etdirir.

"Ermənistanın dövlət strukturlarına bağlı bəzi sosial media kanalları Laçın istiqamətində guya bu gün səhər saatlarında baş vermiş hadisə ilə bağlı qeyri-peşəkar şəkildə montaj olunmuş, dezinformasiya xarakterli video paylaşıblar.

Təqdim olunan videonun metaməlumatlarının tədqiqi və aparılan qısa araşdırma nəticəsində müəyyən edilib ki, fərqli zamanda və fərqli coğrafi məkanda çəkilmiş videogörüntülərin bugünkü hadisə ilə heç bir əlaqəsi yoxdur",
– "Report"un Azərbaycan Müdafiə Nazirliyinə istinadən yazdığı məlumatda deyilir.

Bu arada Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycan hərbçilərinin sərhədi keçməsi xəbərini təsdiqləyib. Bu barədə məlumatı "Amerkanın Səsi" yazır.

“Fevralın 28-də Sünik (Gorus) rayonunun Tex icmasının sərhəd bölməsində AKM markalı avtomat və 1 ədəd patronla silahlanmış Azərbaycan Silahlı Qüvvələrinin əsgəri təmas xəttini keçib. O, Müdafiə Nazirliyinin hərbi qulluqçuları tərəfindən saxlanılıb. Hadisə ilə bağlı Ermənistanın İstintaq Komitəsi Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açıb. İstintaq davam etdirilir”, – məlumatda deyilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Print E-mail
FaceBook Twitter Google