Təkəli sakinləri torpaq məsələsi ilə bağlı Qiorqi Doxturişvili ilə görüşüblər
Təkəli sakinləri torpaq məsələsi ilə bağlı problemlə əlaqədar Kvemo Kartli qubernatoru ilə görüşüblər. Təkəli sakini Şirin Əhmədov da Qiorqi Doxturişvili ilə keçirilən görüşdə iştirak edib.

O, bildirdi ki, bu gün konkret həll yolları tapılmadı, ancaq onlara vəd veriblər ki, torpaq məsələsində iştirak edən bütün tərəflər bir-biri ilə görüşəcəklər və qərar elə qəbul olunacaq.


“10-12 nəfəri içəri buraxdılar. Bizə bəzi təkliflər etdilər. Camaat bunlarla razılaşmadı. Yəni bizə Bavakər dağının ətəyində olan torpaq sahəsini təklif etdilər. Camaat da onunla razılaşmadı. Ora bizə çox uzaqdır. Özü də qonşu kəndin yeridir. Bizə heç cür sərf eləmir. Biz xahiş etdik və məsləhət gördük ki, yerlər dəyişdirilsin. Onlar gedib Bavakər dağında bağ salsınlar. Camaatın istifadə etdiyi torpaq isə özünə qalsın. Qubernator da dedi ki, mən həmin şəxsləri də, sizi də çağıracağam. Mənim yanımda məsələni həll edərik. Mən sizi razılaşdıracağam. Çalışacağam ki, siz deyən kimi baş tutsun. Siz də öz vəziyyətinizi söyləyərsiniz. Onlar da yəqin ki, sizi başa düşərlər. Biz də bununla razılaşdıq. Torpaqları dəyişdirmək yolu ilə razılaşdıq. Razı olsalar, sülh yolu ilə yerləri dəyişdirəcəyik. Onlar gedib başqa yerdə bağ salacaqlar. Camaat da öz əkib biçdiyi yeri istifadə edəcək. Nəticəni gözləyəcəyik. Ondan sonra qərar qəbul edəcəyik”, – Şirin Əhmədov dedi.

Təkəli sakinləri torpaq məsələsi ilə bağlı Sosial Ədalət Mərkəzinə müraciət ediblər. Təşkilat 1 dekabrda yerli skainlərlə görüş keçirib. Sosial Ədalət Mərkəzinin hüquqşünası Keti Çutlaşvili “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, qeyd olunan mövzuda hüquqi araşdırmaya başlayırlar.

“Bildiyiniz kimi, bir az əvvəl sakinlərə aydın olub ki, onların istifadə etdiyi torpaq sahəsi dövlət tərəfindən başqa şəxsə verilib və onlar buna etiraz edirlər. Dövlətin, əlbəttə, məlumatı var idi ki, bu torpaq sahələrinə yerli əhali sahiblik edirdi. Yerli özünüidarə bilirdi ki, bu onların yeganə gəlir mənbəyidir. Ancaq təəssüf ki, dövlət qurumları və yerli özünüidarə bu məsələni nəzərə almayıb. Heç bir vəziyyəti qiymətləndirmədən, araşdırmadan, torpağı icarəyə verməyə qərar veriblər. Bu gün sakinlər qubernator ilə görüş keçirdilər və onların dediklərinə görə, müəyyən vədlər veriblər. Alternativ torpaq sahəsinin təklif edilməsindən söhbət gedir və yaxın gələcəkdə, yəqin ki, həmin torpaq sahəsini icarəyə götürənlərlə də görüş keçiriləcək. Sonra artıq danşıqlar prosesinə başlanlacaq”.

Sakinlər bildirirlər ki, torpaq sahəsinin başqasına verilməsi barədə qısa müddət əvvəl biliblər. Söhbət 32 hektardan gedir. Həmin torpaq sahəsini sakinlər hər il məhsul becərmək üçün şumlayırmış və bir hektara illik 102 lari icarə haqqı verirlərmiş. Onlar yeganə gəlir mənbələrinin əllərindən alınacağından qorxurlar. 30 noyabrda yerli sakinlər Marneuli meiryası qarşısında etiraz aksiyası keçiriblər. Onlar Marneuli meri Kənan Ömərovla görüşməyi və vəziyyəti aydınlaşdırmağı tələb edirdilər. İki saatdan artıq davam edən aksiyada Təkəli sakinlərini cavabsız qoyublar.

Print E-mail
FaceBook Twitter Google