Ağ Ev: Qanunun son qəbulu bizi münasibətlərimizi əsaslı şəkildə yenidən nəzərdən keçirməyə məcbur edəcək
Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bu gün keçirilən brifinqdə Rusiya qanununun Gürcüstan parlamentində üçüncü oxunuşda qəbul edilməsini mənfi qiymətləndirib. Katib qeyd edib ki, bu qanun qüvvəyə minərsə, ABŞ Gürcüstanla münasibətlərinə yenidən baxmağa məcbur olacaq.

“Gürcüstan parlamenti tərəfindən qəbul edilən xarici agentlər haqqında Kreml tipli qanun bizi çox narahat edir. Prezidentin buna veto qoyacağını gözləyirik.

Parlamentin
potensial vetonu aradan qaldırmağa çalışıb-çalımayacağını bilmirik, lakin biz demokratik dəyərlərə zidd olan və Gürcüstanı Avro-Atlantik dəyərlərdən uzaqlaşdıran bu qanunla bağlı narahatlığımızı dilə gətirmişik.

Gürcü xalqı bu qanunla bağlı fikirlərini küçədə etiraz aksiyası keçirərək bildirib. Ötən həftənin sonunda Gürcüstanın ən yaxın tarixində on minlərlə dinc insanın keçirdiyi və hədə-qorxu ilə dayandırıla bilməyən ən böyük etiraz aksiyasını gördük. Onlar hökumətə Avro-Atlantik gələcək istədikləri üçün qanun layihəsinə qarşı olduqlarını bildiriblər.

Parlamentin nə edəcəyini gözləyəcəyik və bu qanun nəhayət qəbul olunarsa, bu, bizi Gürcüstanla münasibətlərimizi əsaslı şəkildə yenidən nəzərdən keçirməyə məcbur edəcək”,
- Ağ Evin mətbuat katibi bildirib.

Xatırladaq ki, mayın 14-də Gürcüstan parlamenti "rus qanununu" üçüncü oxunuşda təsdiqləyib. Səsvermədə 116 deputat iştirak edib. Onların arasında 84 deputat rus qanununun qəbulunu dəstəkləyib.

İndi rus qanunu imzalanması üçün prezidentə göndərilməlidir. Sözügedən məsələ ilə bağlı Salome Zurabişvilinin mövqeyi bəllidir. Prezident qanuna veto qoymağı planlaşdırır, lakin “Gürcü arzusu” prezidentin vetosunu aradan qaldırmaq üçün parlamentdə kifayət qədər mandata malikdir.

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google