ABŞ Dövlət Departamenti Gürcüstanda demokratiyanın pozulmasına
görə məsuliyyət daşıyan şəxslərə və onların ailə üzvlərinə qarşı
yeni viza məhdudiyyətləri siyasətini elan edib.
Bu barədə dövlət katibi Entoni Blinkenin yeni bəyanatında deyilir -
məhdudiyyətin kimə şamil edildiyi, siyahı məlum deyil.
“Son aylarda hakim "Gürcü Arzusu" partiyası sərbəst
toplaşmaq və ifadə azadlığını boğacaq, təşkilatları ləkələyən və
gürcülərin keyfiyyətli informasiyaya çıxışını təmin edən müstəqil
media qurumlarının fəaliyyətinə mane olacaq xarici təsir qanunu
hazırlayıb və qəbul edib. Gürcüstan vətəndaşları bu qanuna etiraz
etdikcə, biz hədə-qorxu kampaniyasının və müxalifəti sıxışdırmaq
üçün güc tətbiqinin açıq əlamətlərini gördük.
Bu hərəkətlərə cavab olaraq, Dövlət Departamenti Gürcüstan üçün
yeni viza məhdudiyyəti siyasətini qəbul edir və bu siyasət
Gürcüstanda demokratiyanın pozulmasına görə məsuliyyət daşıyan və
ya bu prosesdə iştirak edən şəxslərə, habelə onların ailə üzvlərinə
şamil ediləcək. Buraya Gürcüstanda mülki sektoru sıxışdırmaqda və
zorakılıq və hədə-qorxu kampaniyası vasitəsilə dinc toplantıları
yatırmaqda məsul olan şəxslər daxildir.
ABŞ-ın Gürcüstana dəstəyi çoxdankı və ikitərəfli əməkdaşlığımız
üçün əsasdır. Bu siyasət vasitəsilə Gürcüstanda demokratik
proseslərə və ya institutlara, o cümlədən 2024-cü ilin oktyabrında
keçiriləcək seçkilərdən əvvəl və seçkilər zamanı xələl gətirən hər
kəs artıq ABŞ vizası və ya ABŞ-a səyahət hüququna malik ola bilməz.
Bu məhdudiyyətlər oxşar şəxslərin ailə üzvlərinə də şamil oluna
bilər.
Mən də bu gün ABŞ və Gürcüstan arasında ikitərəfli əməkdaşlığın
hərtərəfli nəzərdən keçirilməsinə başlayıram. Ümid edirik ki,
Gürcüstan liderləri bu qanuna yenidən baxacaq və öz xalqlarının
demokratik və Avro-Atlantik arzularını həyata keçirmək üçün
addımlar atacaqlar. İki ölkə arasında münasibətlərin nəzərdən
keçirilməsi prosesində qərarımızı qəbul edərkən Gürcüstanın
hərəkətlərini nəzərə alacağıq”, - deyə məlumatda
bildirilir.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.